Danışılmış oyunlar. Çox yazdıq, çox danışdıq. Sonuncu dəfə qışda 2 divizion təmsilçisinin AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılacağı barədə məlumat verdik. Qışın oğlan çağıdı. Qarşıdan da 2-ci dövrənin oyunları gəlir.

Vəziyyətin nə yerdə olduğunu dəqiqləşdirmək üçün bir neçə mənbəyə müraciət etdik. Əldə etdiyimiz informasiyalar üst-üstə düşdü. Kənarlaşdırılacaq komandalardan birinin “Şərurspor” olduğunu öyrənə bildik. Bu klubun hazırda “dəmir barmaqlıqlar” arxasında olan prezidenti Sərdar Bağırovun barəsində açılan istintaq işinin də məhz qeyri-leqal totalizator və kazino biznesi ilə məşğul olmasıdı. Doğrudu, bu barədə rəsmi məlumat əldə edə bilmədik. Lakin qeyri-rəsmi mənbədən aldığımız informasiyada saxlanılmanın səbəbi məhz qeyd etdiyimiz fəaliyyətdi.

Çempionatdan kənarlaşdırılacaq ikinci komandanın hansı olacağını öyrənmək mümkün olmadı. Ancaq hicran o qədər də uzun sürməyəcək. Yaxın 15 gündə hər iki komandanın adı da açıqlanacaq, kənarlaşdırılmasının rəsmi səbəbləri də göstəriləcək.

Ortaya daha bir sual çıxır. Çempionatdan kənarlaşdırılan komandalara qarşı digər klubların keçirdikləri oyunların nəticələrinin aqibəti necə olacaq? Axı, prosesi 15-ci turadək yekunlaşdırmaq mümkün olmur və belədə “tandem” ümumi oyun sayının 50 faizindən artıq görüşdə meydana çıxmış olacaq. Deməli, onlara qarşı baş tutan bütün qarşılaşmaların nəticələri qüvvədə saxlanılacaq.

Maraqlıdı ki, “Şərurspor”un ilk dövrədəki nəticələrinə nəzər saldıqda, yüksək yerlər uğrunda mübarizə aparan komandalardan xal qopardığının şahidi oluruq. “Qardağ Lökbatan” və “Zaqatala” Sərdar Bağırovun komandası ilə bacarmayaraq, “ağ bayraq” qaldırdığı halda, MOİk xalları yarı bölüb. Fevralın ilk günündə baş tutacaq 14-cü turda isə “Şərurspor” “Şəmkir”i qəbul edəcək. Deməli, qonaqlar üçün də bu matç böyük önəm kəsb edəcək. Çünki qələbə qazanmayacaqları təqdirdə, digər komandalara fora vermiş olacaqlar. Axı, böyük ehtimalla 16-cı turdan etibarən çempionatda “Şərurspor” olmayacaq və belədə, digər kollektivlər meydana çıxmadan texniki qələbəyə sevinəcəklər.

Eyni hesablamanı daha bir komanda üçün də aparmaq olardı. Lakin yuxarıda qeyd etdiyimiz kimi, bu “xoşbəxt”in adını dəqiqləşdirə bilmədik. Bütün hallarda, UEFA-dan gələn məktub AFFA-nı əməli tədbirə sövq edib. Qurbanların adlarının açıqlanmasına isə sayılı günlər qaldı…

CAVAD

Shares: