“Qəbələ” qış transfer pəncərəsində heyətinə daha bir futbolçu cəlb edib. Futbolinfo.az klub saytına istinadla xəbər verir ki, mövsümün ilk yarısından sonra yarımmüdafiəçi Araz Abdullayev və müdafiəçi Rasim Ramaldanovla müqavilə imzalayan “qırmızı-qaralar” hücum xəttini Daniel Subotiç ilə gücləndirib.
28 yaşlı hücumçu ilə 6 aylıq müqavilə imzalanıb. 2,5 illik fasilədən sonra “Qəbələ”yə qayıdan isveçrəli futbolçu 2013-2014-cü illər mövsümündə də “qırmızı-qara” forma geyinib. Hücumçu komandamızın heyətində Premyer Liqada 29 oyunda 12, Azərbaycan kubokunda 1 qol vurub. O, ölkə çempionatının bürünc mükafatçısı və kubokun finalçısı olub. Bosniya və Herseqovina əsilli futbolçu 2013-cü ilin dekabrında Premyer Liqanın ən yaxşı futbolçusu seçilib.
İsveçrənin “Bazel” klubunun yetirməsi olan Subotiç peşəkar karyerasına İngiltərədə başlayıb. 2008-2010-cu illərdə “Portsmut”a məxsus olan hücumçu icarə əsasında Belçikanın “Zulte-Varegem” (2008-2009) və İtaliyanın “Qrosseto” (2010) klublarında çıxış edib. Rumıniyada Krayovanın “Universtatya” (2011) və “Tarqu Mureş” (2011-2012) komandalarının ardından Ukraynaya yollanan forvard 2012-13-cü illərdə “Volın”da forma geyinib. “Qəbələ”də keçirdiyi 2013-2014-cü illər mövsümünün ardından isveçrəli Küveytə yollanaraq 2014-2015-ci illərdə “Qadisiya” klubunda çıxış edib. 2015-ci ilin yayında Moldovanın “Şerif” klubu ilə anlaşan Daniel son 1,5 ili bu komandada keçirib. O, 2015-2016-cı illər mövsümündə Moldova çempionatının ən yaxşı bombardiri adına yiyələnib.
“Qəbələ”nin yeni transferi İsveçrə milli komandasının da şərəfini qoruyub. O, 2007-2008-ci illərdə U-19 yığmasında çıxış edib.