Azərbaycan klublarının bir çətir altına toplanması davam edir. AFFA-nın nəzarətə götürdüyü komandalardan 4-cüsünün adı az öncə dəqiqləşdi. Beləliklə, “Neftçi”, “Kəpəz” və “Sumqayıt”ın ardınca “İnter” də AFFA-dan göndərilən şəxs tərəfindən idarə olunacaq.
 
Hər nə qədər sənədləşmədə fərqli göstərilsə də, “Neftçi”nin həqiqi sahibi Orxan Hüseynzadədi. AFFA-da çalışmış bu şəxs baş katib Elxan Məmmədovun təşəbbüsü ilə bakılıların düşərgəsinə göndərilib.
 
“Kəpəz”də Müşahidə Şurası, şuranın sədri və s. olsa da, klubun maliyyəsinə Mikayıl Nərimanoğlu nəzarət edir. Şura üzvü eyni zamanda hələ də AFFA-nın mətbuat xidmətinin rəhbəridi.
 
“Sumqayıt”da da AFFA-nın baş katibinin dostu iş başındadı. Kamran Quliyev də vaxtilə assosiasiyada işləyib və “Gənclik şəhəri”nə futbol səfiri kimi göndərilib.
 
“İnter”də işə başlayacaq Rəmiş Malıyev AFFA-nın hüquqşünasıdı. Birvaxtlar “Xəzər Lənkəran”ın tapşırılacağı gözlənilən yeni rəhbər cənub klubunun dağılması üzündən bu günü gözləməli oldu.
 
Növbəti mövsümdən Premyer Liqada oynayacaq yeni komandalar haqda danışmaq tezdi. Hələ kimin gələcəyi bəlli deyil. Məsələ reallaşanda variantlara baxarıq. Amma elitada qalan 4 komanda üçün potensial rəhbər axtarmağa dəyər.
 
Hələ də rəhbəri olmayan “Zirə”, dilənçi kökündə yaşayan AZAL – yəqin ki, ilk olaraq bu komandalar AFFA-ya sığınacaq. Daha sonra isə “Qarabağ” və “Qəbələ”nin tərksilah edilməsi başlanacaq. Bəs, AFFA-da bu klubları idarə etmək üçün yetərli qədər güvənilən kadr varmı? Axı, onlar mütləq rusdilli və baş katibə yaxın adamlar olmalıdı.
 
Bildiyimizə görə, AFFA-da yeni təyinatlar üçün siyahı tutulub. AFFA-nın qılıncının altına keçəcək klublara rəhbər seçimləri bu şəxslər arasından olacaq:
Sərxan Hacıyev – baş katibin köməkçisi
Yusif Vəliyev – AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri
Riad Rəfiyev – AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru
Elçin Məmmədov – Lisenziyalaşdırma qrupunun rəhbəri
Vaqif Sadıqov – Məşqçilər Komitəsinin sədri
Aydın Rüstəmov – Robert Prosineçkinin tərcüməçisi
 
P.S.: Bu ATMACAnı ciddi də qəbul edə bilərsiz.
Shares: