Can, ay “İnter”. Yenə struktur dəyişikliyi. Ötən ildən başlayan “Beynəlxalq Bank”dakı dəyişikliklər yekunda böhran menecmentinin tətbiqini şərtləndirdi. Georgi Nikolov, Rəşad Qasımov, Azər Əliyev…
Qısa zaman kəsiyində 3 prezident gördü “İnter”. Cahangir Hacıyevin həbsindən sonra Nikolov istefaya göndərildi. Rəşad Qasımovun dadına futbolçu ailəsindən çıxması çatdı. O, uzun illər “əcnəbi komanda” damğasının silinməsinə nail olsa da, bankdakı növbəti çalxalanma Qasımovdan da yan ötmədi. Azər Əliyev erası isə başlamış sona çatdı.
İndi AFFA-nın hüquqşünası Rəmiş Malıyev klubun səlahiyyətli nümayəndəsi funksiyasını icra edəcək. Bunu el dilinə çevirdikdə Malıyevin klub prezidenti təyin olunduğunu söyləmək mümkündü. Hüquqşünasla qısa söhbətimiz klubun perspektivi və özünün fəaliyyəti ətrafında oldu.
– Beynəlxalq Bank “İnter”i maliyyələşdirməkdən imtina etdikdən sonra AFFA klubun xərclərini və idarəetməni üzərinə götürdü və de-fakto prezidentliyi sizə həvalə etdi…
– Bu cür deyilişlə, razılaşa bilmərəm. Mən klubun səlahiyyətli nümayəndəsi təyin olunmuşam. Məlum dəyişikliklərdən sonra AFFA ölkə futbolunda özünəməxsus yeri olan klubun tarixin yaddaşına köçməməsi üçün belə bir qərar qəbul etdi. Bizim işimiz klubdakı problemləri həll etməkdən ibarət olacaq.
– Bildiyimizə görə, futbolçular dekabrın maaşlarını almayıb…
– Elədi. Lakin bu, texniki problem üzündən baş verib və yaxın günlərdə həllini tapacaq.
– Məlum olduğu kimi, AFFA-nın hüquqşünasısınız. Bu postda da qalacaqsınız, yoxsa məlum təyinatdan sonra yalnız “İnter”də çalışacaqsınız?
– Mən “İnter”ə mövsümün sonunadək təyin olunmuşam. Assosiasiya bu müddət kəsiyində üzərinə bir sıra öhdəliklər götürüb və bunun icraatını həyata keçirəcəm. Bundan sonra necə olacağını deyə bilmərəm. Hələliksə, hər iki vəzifəni icra edəcəm.
Qeyd edək ki, Malıyev bu gün “İnter Arena”da olub və rəsmən futbolçulara təqdim edilib.
CEYHUN ƏLİYEV