Heradot “Tarix” kitabında yazır ki, bir gün Solon Lidiya çarı Krezin qonağı olur. Krez qədim yunan mütəfəkkiriylə görüşdə ona maraqlı bir sual verir: dünyanın ən xoşbəxt insanı kimdi? Solon İranı, Turanı dolaşır, amma Krezin istədiyi “sən xoşbəxtsən” cavabını vermir. Bu Krezin narahatlığına səbəb olur və sinəsini qabağa verərək var-dövlətindən danışır. Solonun cavabı qısa olur: bir insanın sonunun necə olacağını görmədən onun xoşbəxt olduğunu deyə bilməzsən. Yəni ki, aqibəti yaxşı olmayan adamın ömrünün əvvəlində xoşbəxt olması əsl səadət deyil. Bəli, zaman Solonun haqlı olduğunu göstərir. Krez müharibədə əsir düşür.
Yox, bu gün sizə Heradot kimi tarix(dən) danışmaq istəmirəm. Maşallah, tarixi xırdalayanlarımız çoxdu.
Maşallah demişkən, uşaqlıq dövrümüzün kumiri gəncliyinin xoşbəxt illərinin arxasını gətirə bilmədi. 1986-cı ildə “Neftçi”nin heyətində mükəmməl oyununun bəhrəsi kimi SSRİ-də mövsümün ən güclü 33 oyunçusu siyahısına düşməklə özü kimi bizi də sevindirsə də, illər ötəndən sonra həyatını cəhənnəmin dibinə atdı. Maşallah “inşallah, karyeramı bitirəndən sonra belə edərəm” deyib nəsə faydalı bir iş görməkdənsə…
Cümləni tamamlamağa belə utandım. Belə bir deyim var, sənin tayların qaz vurub, qazan doldurur, amma sən… Hə, elə indi növbəti 8 ilini dələduzluğa görə həbsxanada keçirəcək Əhmədovun 1986-cı ildəki 32 tayından danışmaq istəyirəm. Həmin siyahıda olanlar hardadı, Maşallah harda?
Rinat Dasayev: karyerasını bitirəndən sonra biznes fəaliyyətiylə məşğul olsa da, futbolu da unutmadı. Qapıçılarla işləyən məşqçi kimi də çalışdı, hətta bu sahədə akademiya da açdı. Gəncələr ondan necə lazımdı faydalanır…
Viktor Çanov: yaxşı qapıçı idi, amma karyerasını bitirəndən sonra yaxşı məşqçi olmadı. Sonuncu dəfə 2007-ci ildə Kiyev “Dinamo”sunda məşqçilikdən ayrıldıqdan sonra başını aşağı salıb həyatını sürür. Kabel biznesi ilə məşğuldu.
Dmitri Xarin: Sovet dağılandan sonra Böyük Britaniya üz tutan istedadlı qapıçı “Çelsi” və “Seltik” kimi klublarda oynadı. Karyerasını bitirdi, qapıçılarla işləyən məşqçi kimi çalışdı. Ötən ilə qədər İngiltərənin aşağı dəstə təmsilçisi olan “Stivenc” klubunda işləyirdi. Teddi Şeringemin dəvəti ilə…
Vladimir Bessonov: bir müddət məşqçi işlədi, onluq bir şey olmadığına görə bu sahədən aralandı. Hazırda Kiyev “Dinamo”sunun seleksioneridi.
Tengiz Sulakvelidze: özü üçün vətəni Gürcüstanda futbol akademiyası yaradıb. Öz adını qoyduğu oğlu Tengizi həmin akademiyaya prezident təyin edib.
Viktor Losev: 1994-cü ildən müxtəlif komandalarda məşqçi işləyən Losevin son iş yeri “Ufa” idi. Orda köməkçi məşqçi işləyən Viktor hazırda işsizdi. Amma Moskva “Dinamo”sunun acınacaqlı durumundan söz düşəndə hər dəfə jurnalistlər onu axtarır…
Aleksandr Çivadze: canlı əfsanə ötən ilə qədər Gürcüstanın U-21 yığmasının baş məşqçisi idi. Hazırda “ehtiyatda olan əsgərdi”.
Sergey Baltaça: o da Xarin kimi “Dumanlı Albion”a üz tutdu. Oynadı, məşqçi işlədi, indi isə “Çarlton” akademiyasında çalışır.
Sergey Priqoda: İsveçdə yaşayır və futboldan uzaqlaşıb. Arada Rusiyaya gələndə jurnalistlərin “radarlarına düşür”.
Oleq Kuznetsov: 2010-cu ildən bəri Ukraynanın aşağı yaş qruplarından ibarət komandalarında çalışır. Son iş yeri 16 yaşlıların əhatəsindədi…
Boris Kuznetsov: Məşqçi olmadı, amma sahibkar oldu. Hazırda “Deka” ət məhsulları istehsal edən şirkətin sahibidi.
Arvidas Yanonis: 2008-ci ildən Avstriyada yaşayır və şüşə biznesiylə məşğuldu.
Anatoli Demyanenko: Bir ara “Neftçi”ni, ardınca başqa klubları çalışdırsa da, hazırda işsizdi və təklif gözləyir.
Sergey Pozdnyakov: sonuncu dəfə Karpinin dövründə “Spartak”da seleksiyaçı işləyib. Ortalıqda olmasa da, sağ-salamatdı…
Gennadi Morozov: müxtəlif komandalarda məşqçi kimi çalışsa da, sonradan akademiyaya könül bağladı. İndi Dmirti Aleniçevin akademiyasında işləyir.
İvan Yaremçuk: Əhmədov dərindən nəfəs ala bilər. Karyerası boyunca qazandığını qumarda uduzan Vanya 2010-cu ildə azyaşlılara təcavüzə görə şərti həbs cəzasına da layiq görülüb. Odu, budu, ortalıqda yoxdu.
Dmitri Aleynikov: İtaliyada müxtəlif klubların akademiyalarında çalışsa da, məşqçiliyə böyük həvəs göstərmədi. Qazandıqlarını yeyir, amma avtobioqrafik kitabını yazmağa özündə cəsarət tapır. Hə, onu da deyim ki, hələ də İtaliyada çalışır…
Vadim Yevtuşenko: məşqçi kimi tez-tez klub dəyişir. Hazırda Çerkassk “Dnepr”indədi.
Vasili Rats: 15 il məşqçi işlədi. Amma 2011-ci ildə səhhətiylə əlaqədar Macarıstana müalicəyə yollandı. Ömrünü stressiz başa vurmaq üçün yaşayır özü üçün…
Sergey Qotsmanov: ailəsi ilə birgə ABŞ-ın Minnesota ştatında yaşayır. Məktəb avtobusunun sürücüsüdü. Halal pulunu qazanır. Hər iki oğlu futbolçudu.
Vasili Karatayev: Finlandiyanın Kouvolo şəhərində yaşayır. Futbol sahəsində çalışmır, amma özünə gün ağlaya bilir. Hər halda Finlandiyada acından ölən yoxdu.
Pavel Yakovenko: Ukraynanın U-21-ni AÇ-2011-in final mərhələsinə çıxardı. Hazırda iki oğlunun futbolçu kimi yetişməsində böyük pay sahibidi. Ukrayna mənbələrinin yazdığına görə hazırda yaradıcılıqla məşğuldu.
Vaqiz Xidiyatullin: Ondan nə qədər danışsaq azdı. Məşqçi olmasa da, hazırda Ümumrusiya Peşəkar Futbolçular İttifaqının nümayəndə heyətinin üzvüdü.
İqor Dobrovolski: 2005-ci ildən məşqçi işləyir və hazırda Moldova yığmasını çalışdırır.
İqor Belanov: məşqçiliyə ürək verməyən daha bir əfsanə. Amma futboldan ayrılmayıb. Odessada öz adına yaratdığı futbol məktəbinə rəhbərlik edir.
Yuri Saviçev: Hamburq yaxınlığındakı Norderşted şəhərində yaşayır. Adətən regional liqa təmsilçilərindən dəvət alır. Yəni deməyim odu ki, üzdə deyil.
Sergey Dmitriyev: Məşqçi kimi budaqdan budağa gəzir. Hazırda “Tosno”nun sükanı arxasındadı.
Aleksandr Zavarov: 2012-ci ildən ötən ilə qədər Ukrayna yığmasında köməkçi məşqçi kimi işləyib. Amma ölkə futbolunun müxtəlif layihələrində iştirak edir, federasiya ilə əməkdaşlığı möhkəmdi. Hətta AÇ-2012-nin səfiri də olub.
Aleksandr Borodyuk: 2001-ci ildən etibarən 15 il məşqçi işləyib. Hətta Rusiya yığmasında belə işləyib. Ötən il “Kayrat”dan ayrılıb və təkliflərə açıqdı.
Oleq Protasov: “Styaua” və “Dnepr” kimi klubları çalışdıran ötənlərin ünlü futbolçusunun sonuncu iş yeri Rumıniyanın “Astra” klubu olub. İşsizdi. Amma kəramətsiz deyil.
Oleq Bloxin: “yaradıcılığ”ının təqdimata ehtiyacı olmayan əfsanə. Böyük futbolçu, həm də yaxşı məşqçi oldu. Düzdü, hazırda boşdu, amma futbol sahəsində fəaliyyət dairəsi genişdi. Hətta siyasətlə də məşğul olur, Ali Radaya da seçilib.
Sergey Rodionov: məşqçi olub, akademiyada çalışıb, 2015-ci ildən isə “Spartak”ın baş direktorudu.
Vəssəlam! Nə deyə bilərik, xalxın uşaqları…
AĞA