“Qəbələ”nin yeni transferi Daniel Subotiç artıq komandasına qoşulub. Sabiq klubuna qoşulan hücumçu yaya kimi “qırmızı qaralı” formanı geyəcək. Futbolinfo.az saytının əməkdaşı onunla söhbətdə dünənə qayıtdı, gələcək planlarını öyrəndi.

– “Qəbələ”yə qayıdışınız necə baş verdi?
– 2 il yarım öncə Azərbaycanı tərk etsəm də, “Qəbələ” rəhbərliyi ilə münasibətlərim yaxşı idi. Tiraspol “Şerif”indən ayrıldıqdan sonra klubsuz idim. “Qəbələ”dəki dostlarımdan soruşdum ki, sizin hücumçuya ehtiyacınız var? Onlar da forvard axtardıqlarını dedilər. Sonra agentim Ana Maria Prodan danışıqlar apardı və bura gəldim.

– Azərbaycanda 2 il yarım öncə oynadığınız vaxtları necə xatırlayırsınız?
– Gözəl xatirələrlə yada salıram. “Qəbələ” fantastik klubdur və rəhbərlik də əladır. Mən bu klub haqqında ancaq yaxşı sözlər deyə bilərəm. Ovaxtdan indiyə qədər heç nə dəyişməyib. Özümü evimdəki kimi hiss edirəm.

– Roman Qriqorçuk haqqında hansı məlumatlarınız var?
– Bura gələnə qədər onu şəxsən tanımırdım. Amma Odessa “Çernomorets”ində gördüyü işlər haqqında məlumatım var. Qriqorçuk böyük futbol adamıdır və onunla işləyəcəyim üçün şadam.

– Sabiq komanda yoldaşlarınızdan 3-4 nəfər hələ də komandadadı…
– Qapıçı David Petrkeviç mənimlə birlikdə oynayıb. Ürfan Abbasov və 2 gənc futbolçu da o vaxt heyətdə var idi. Mərkəz müdafiəçisi Murad Musayev və yarımmüdafiəçi Elvin Camalov o vaxt oynayırdı. Rafael Santos da həmin  vaxt bizimlə idi. Onun zədəsini tezliklə sağaldacağına inanıram.

– “Qəbələ”nin Avropa Liqasındakı çıxışlarını izləmisiniz?
– Əlbəttə. Bütün oyunlarına baxırdım.

– Bilirsiziniz ki, hazırda Azərbaycan futbolunda vəziyyət ürəkaçan deyil. Komandaların bəziləri dağılıb, bəzilərinin maddi durumu çox aşağıdır. “Qəbələ”nin də büdcəsi 3-4 dəfə azaldılıb…
– Bundan xəbərim var və hər şeyi eşitdim. Vəziyyətin belə olması ayıbdı. Çünki 3 il öncə burada güclü və rəngarəng çempionat var idi. Həmin vaxt ən azı 5 komanda var idi ki, çempionluq üçün oynayırdı. İndi 2 belə klub mövcuddur. Maksimum 3 ola bilər. Pulla bağlı bütün dünyada problemlər var. Bu təkcə Azərbaycanda deyil. Ümid edirəm ki, bir neçə ilə Azərbaycanın güclü komandaları yenidən bərpa olunar.

– Həmin güclü komandaları xatırlayırsız?
– Onların hamısını xatırlayıram. O vaxt “Simurq”, “Bakı”, “Xəzər Lənkəran” kimi güclü komandalar var idi.

– “Qəbələ”də keçirdiyiniz ən yaxşı oyun hansıdır?
– Bir çox belə oyun olub. Həmin vaxt komandamız çox güclü idi. Amma Azərbaycan kubokunun  yarımfinalında səfərdə “Qarabağ”ı 2:1 hesabı ilə udduğumuz oyun unudulmazdır.

– Kubokun finalında “Neftçi”yə penaltilərdə uduzduğunuz oyunu xatırlamaq istəməzsiniz?
– Həmin oyundan danışmaq istəmərəm. Amma hər şey yadımdadır.

– Meydana çıxmağa hazırsınız?
– Mən oynamağa hazıram. Ola bilər ki, 90 dəqiqə meydanda ola bilməyim. Çünki Azərbaycanda çempionat çox tez başladı. Amma ikinci hissə üçün hazıram.

– “Qəbələ” hələ də çempion ola bilməyib…
– Biz bu mövsüm çempion olacağıq.

– Çox əmin danışırsınız…
– Azarkeşlər əmin olsun: geri döndüm və klub tarixində ilk dəfə çempion olacağıq.

AĞA

Shares: