– Hava soyuqdu, qar yağır. Uşaqları dərsə aparma.
– Əşşi, onsuz da düz-əməlli dərs keçmirlər. Heç müəllim də bu havada gəlməz.
Təəssüf ki, müstəqillik dönəmində ailə başçılarının bu cür dialoqu əksər evlərdə müşahidə olunur. Valideynlər böyük ölçüdə haqlıdılar. Məktəblərdə dərs keçilmir, müəllimlər “maaşımız qəpik-quruşdu, xeyir ola normal dərs keçməliyik” deməklə papaqlarını günə verir. Bunu bildik. Bəs, futbola nə oldu?
Birinci divizion təmsilçilərinin qış tətili uzadıldı. Hava şəraiti top-top oynamağa imkan vermir. Özü də 1-2 oyun deyil, məsələ kökündən həll olundu: 7 oyunun hamısı təxirə salındı. Niyə? Təbiət deyir ki, qışda qar yağar, soyuq olar, külək əsər. Bu qədər sadə. Ancaq analoqu olmayan Azərbaycan futbol sahəsində də seçilir.
Ölkədə neçə-neçə stadion inşa olunub. Kim üçün, hansı məqsədlərə görə? Qar yağanda nə olur ki? Qəribə mənzərədi. Məgər qar yayda yağıb ki, adını gözlənilməzlik qoyaq? Demək ki, havanın bu cür keçməsində qeyri-adi heç nə yoxdu.
Stadionlar yararsız hala düşüb? Ok. Deyək ki, mövcud örtüklər üzərində futbol oynamaq olmaz. Məgər örtüklərin hansı vəziyyətdə olmasından indi xəbər tutmusunuz? Əzizlərim, stadionlarımızın acınacaqlı durumda olmasını, azyaşlı körpələr də bilir.
Bəs, onda hansı ağıllı fevralda çempionat keçirmək qərarını verib? Maraqlı bir səhnə gəldi gözümün önünə. Bu yoldaşlar var ha, hansılar ki, Azərbaycanda payız-yaz sisteminin tətbiqinə dair qərar veriblər, onlardan 2 komanda düzəldib bax, bu cür havada tuman-maykada buraxasan boş tribunalar önünə, qoy 90 dəqiqə qaçsınlar topun arxasınca. Bəli-bəli, məhz boş tribunalar, çünki normal havada stadiona heç kim gəlmirsə, qarda, boranda azarkeşləri top-tüfənglə də futbola apara bilməzsən.
Nəhayət, maraqlı görünən sonuncu sual. Martın sonunadək hava bu cür qalsa, çempionatın qalan hissəsi apreldə start götürəcək? Məşəd İbad demiş, “bu gəlini gətirəndə baxmazlar ki, arvaddı, yoxsa kişi?”. Reqlamenti tətbiq edəndə fikirləşməzlər ki, Azərbaycandakı meydançalarda qışda futbol olmaz?
İslam oyunlarına görə tələsirdiz? İndi tələsin…
CEYHUN ƏLİYEV