Peşəkar Futbol Liqasının son qərarları 2005-15-ci illəri əhatəedəndövlət proqramına düzgün əməl edilmədiyini bir daha ortaya qoydu. Milyonlar xərcləndi, havaya sovruldu, dar gün üçün isə heç nə edilmədi.

5-10 sm-lik qara görə ölkə çempionatının I divizionu iflic vəziyyətinə düşdü, Topaz Premyer Liqasının növbəti turunun vur-tut 4 oyunundan da ikisinin yeri dəyişdirildi. Niyə? Stadionlar hazır deyil!

Bəs, bu qədər pul hara xərcləndi, infrastrukturun yaxşılaşdırılmasına sərf olunan vəsaiti kim yedi? Olimpiya Komplekslərinin meydançaları qartopuoynamaq üçünmü salınmışdı.

Ən pisi odur ki, Premyer Liqa klubları da eyni vəziyyətdədi. Gəncənin dəri bir başqadı. Milyonların dağıdıldığı dövrdə ölkənin ikinci böyük şəhəri heç kimin yadına düşmədi.  Əslində, idman nazirliyinin balansında olan şəhər stadionunun təmiri üçün dəfələrlə vəsait ayrılıb, amma arena yarım əsrdən (!!!) çoxdu ciddi təmir üçü görməyib. Yeyiblər, dağıdıblar, Gəncədə xanlıq yaradıblar, lakin “Kəpəz”in oyunlarını keçirməli olan stadion heç kimin yadına düşməyib. İndi isə elə vəziyyət yaranıb ki, “Kəpəz” dünənyaradılan “Zirə”yə ağız açıb onun meydanına qonaq gedir.

Çempionluqları sıralayan, hər il 10-15 milyon dolların başına daş salan “Neftçi” də didərgindi. Öz stadionu olmayan, AFFA-nın təmənnasız bağışladığı “Bakcell Arena”ya sığınan “ağ-qaralar” da ev oyunun keçirmək gücündə deyil. Göy üzünü bulud alan kimi bu arenanın direktorunun qarınağrısı başlayır. Hər il 5-6 dəfə təmirə bağlanan meydançada qazonun təməli necə qoyulubsa, hətta qazonun qardan təmizlənməsi ilə də ot örtüyü sıradan çıxır.

Ən qəribəsi odur ki, Qəbələyə Bakıdan daha çox qar yağıb. Lakin qışın daha çox hakim kəsildiyi əyalətdə oyun keçirmək olur, paytaxtda yox. Deməli, hər şey işə düzgün yanaşmaya və insan faktoruna bağlıdı. Qəbələ klubu infrastrukturunu daha yaxşı qurub, işə əsl mütəxəssis cəlb edib ki, bu gün istənilən şəraitdə rəqibini qəbul edə bilir. AFFA-nın bəh-bəhlə istifadəyə verdiyi arenaya isə alaq otu yetişdirən bağban baxıb, təməl atılarkın pul düzgün xərclənənməyib ki, indi komanda didərgindi.

Qar xəstəlikləri sağaldır, mikrobları məhv edir. Ümid edirik, 10 illik dövlət proqramına pul ayıranlar da indi bunun hesabatını istəmək üçün fürsət qazanıb. Futbolumuzun viruslarını məhv etmək, eybəcərlikləri üzə çıxarmaq üçün daha nə lazımdı?

FƏRİD

Shares: