Bu gün Topaz Premyer Liqasında 20-ci tura start veriləcək. Futbolinfo.az xəbər verir ki, yenə ilk oyun günündə iki görüş baş tutacaq.
Öncə iki paytaxt klubu – AZAL və “Neftçi” meydana çıxacaq. Daha sonra isə “Zirə” – “Sumqayıt” qarşılaşması keçiriləcək.
Topaz Premyer Liqası
20-ci tur
27 fevral (bazar ertəsi)
AZAL – “Neftçi”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Hakim-inspektor: Vüsal Əliyev.
Bakı. "AZAL Arena", 15:30.
Tura paytaxt derbisi ilə start veriləcək. Çempionatın aşkar autsayderi AZAL doğma meydanda qış fasiləsindən sonra yüksəlişdə olan "Neftçi" ilə qarşılaşacaq. Tərlan Əhmədovun komandası bu oyunda uğursuz gedişata son qoymağa, Elxan Abdullayevli "Neftçi" isə uğurlarının davamını gətirməyə çalışacaq.
Son iki matçda qonaq komanda qələbə qazanıb. “Neftçi” son 5 səfər oyunundan qolsuz dönməyib. Birinci dövrədə Şüvəlanda baş tutan qarşılaşmada "ağ-qaralar" iki cavabsız qola sevinmişdilər. 60-cı dəqiqədə Elvin Bədəlov hesabı açmış, bundan 10 dəqiqə sonra isə Rəhman Hacıyev qələbəyə şübhə yeri qoymamışdı. İkinci dövrədə isə "Neftçi" doğma azarkeşlərinin gözü qarşısında məğlubiyyətlə üzləşdi – 0:1. David Canelidzenin 80-ci dəqiqədə rəqib qapısından keçirdiyi top 3 xal üçün bəs etmişdi.
Bütövlükdə, bu iki paytaxt klubu əvvəllər 32 dəfə üz-üzə gəliblər. Bu oyunların 15-də "Neftçi" qələbəyə sevinən tərəf olubsa, 8 dəfə də oxşar uğura "təyyarəçilər" imza atıblar. Top fərqində də "ağ-qaralar"ın ciddi üstünlüyü var. Elə bu oyunda da qonaq komandanın favorit olduğunu söyləmək olar. Xeyli müddətdir xala həsrət qalan AZAL üçün isə hətta heç-heçə də böyük uğur sayılacaq.
Statistika: 32 oyun, +8=9-15, top fərqi 27-50.
1-ci dövrə: 0:2
2-ci dövrə: 1:0
“Zirə” – “Sumqayıt”
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 18:00.
Günün digər qarşılaşması da Bakıda baş tutacaq. "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Bu komandaların son 3 oyununun hamısında 1 qol qeydə alınıb. Sumqayıtın eyniadlı komandası ardıcıl 2 dəfə qalib gəlib. Samir Abasovun komandasını birinci dövrədə Vaqif Cavadov, ikinci dövrədə isə Mirabdulla Abbasovun vurduğu qol sevindirmişdi.
Bu kollektivlər arasında əvvəllər keçirilmiş 6 oyunda ümumi üstünlük isə "Zirə"nin tərəfindədi. Belə ki, son iki oyunda 3 xala sevinən sumqayıtlılardan fərqli, zirəlilərin 3 qələbəsi var. Top fərqində də Ayxan Abbasovun çalışdırdığı komanda öndədir.
Aralarında cəmi 2 xallıq fərq olan və turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandaların duelinə maraq heç də az deyil. Təbii ki, "Zirə" həm cari mövsümdəki məğlubiyyətlərin əvəzini çıxmaq, həm uğurlu çıxışını davam etdirmək, həm də "Sumqayıt"ı turnir cədvəlində qabaqlamaq haqda düşünür. Amma qonaq komanda da ən azı heç-heçə etməklə hazırkı mövqeyini qorumağa çalışacaq.
Statistika: 6 oyun, +3=1-2, top fərqi 6-4.
1-ci dövrə: 0:1
2-ci dövrə: 0:1