“İnter”də narahatçılıq davam edir. AFFA-nın himayəsinə götürdüyü klubda hər gün yeni bir xəbər ortaya çıxır.
 
Futbolinfo.az xəbər verir ki, “bankirlər” sabah “Qarabağ”la növbəti çempionat matçını boykot etmək fikrinə düşüblər. Futbolçular onlara vəd edilən maaşın yubanması üzündən ağdamlılarla qarşılaşmaya çıxmamaq qərarı alıblar. Bu barədə hansısa futbolçu açıqlama verməyib, sadəcə, onlardan bəziləri mətbuata belə informasiya sızdırıblar.
 
Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın hüquqşünası, “İnter”də nəzarətçi təyin olunan Rəmiş Malıyevlə əlaqə saxladıq. O da bu məsələdən xəbərdar olduğunu bildirdi: “Belə xəbərlərin yayılması çox üzücüdü. Bəzi futbolçuların mediaya belə xəbərlər sızdırması xoş deyil. Bu, onların özünə ziyan vuracaq. Klub Beynəlxalq Bankındı, AFFA çətin vəziyyətdə komandanı himayəsinə götürüb. Pulların verilməməsi ilə bağlı hər hansı problem yoxdu. Sadəcə, bəzi sənədlərin təsdiqi üçün zamana ehtiyac var. Mən komandanın kapitanı ilə dünən söhbət etmişəm və ona da başa salmışam ki, bütün bunlar texniki məsələlərdi. Pulumuz var və bütün ödənişlər ediləcək”.
 
Malıyev futbolçulara borclu qalmayacaqlarını vəd edir: “2 həftə öncə dekabrın maaşını vermişik. Yalnız yanvarın əməkhaqqısı qalıb, onu da həftəsonuna kimi həll edəcəyik. Narahatçılığa heç bir əsas yoxdu. Bu öhdəliyi AFFA boynuna götürüb və yerinə də yetirəcək. Mayın 1-nə kimi klub himayəmizdə olacaq. Futbolçular yəqin ki, dağılan klubların təcrübəsi üzündən gecikən pullarının batacağından qorxur. Ancaq fərq ondadı ki, onlara AFFA söz verib və heç kim aldadıla bilməz. Səbrli olmaq, texniki problemlərin həllini gözləmək lazımdı. Həftənin sonuna kimi yanvarın maaşını ödəməyə çalışacağıq. “Qarabağ”la oyuna çıxmamaq çıxış yolu deyil. Bununla futbolçular yalnız özünü pis vəziyyətdə qoya bilər”.
Shares: