Topaz Premyer Liqasının 20-ci turunda evdə “Sumqayıt”ı minimal hesabla məğlub edən “Zirə”nin kapitanı Elvin Məmmədov oyundan sonra futbolinfo.az saytının əməkdaşının suallarını cavablandırıb:

– Oyun haqqında fikirlərini öyrənmək istəyərdim…
– Bizim üçün önəmli oyun idi. Rəqimiz bizdən 2 xal öndə, 4-cü pillədə yer alırdı. Qələbə qazanaraq фvrokuboklara vəsiqə qazanmaq üçün şansımızı artırmaq istəyirdik və buna da nail ola bildik. Oyuna çox ciddi hazırlaşmışdıq. Хncəki matçlarda "Qəbələ" və "İnter"dən 1 xal ala bildik. Bərbərliklər bizə çətinlik yaratdı, nəhayət, qələbə qazanaraq 4-cü pilləyə yüksələ bildik.

– Mövsümün sonuna qədər "Zirə" 4-cü pillədə qala biləcək?
– Düzdü, çətin rəqiblərimiz var. Buna baxmayaraq, qış fasiləsindən sonra komanda olaraq qarşımıza məqsəd qoymuşuq ki, mövsümü 3 və ya 4-cü pillədə başa vurub avrokuboklara vəsiqə qazanaq. Hədəfimiz budu.

– Son matçlarda "Zirə"nin oyununda ciddi irəlləyiş var. Baş məşqçi Ayxan Abbasov oyununuzdan razı qaldı?
– Hələ oyun haqqında müzakirə aparmamışıq. Baş məşqçi görüşdən sonra hamımızı təbrik etdi. Səhvlərimiz də vardı. Xüsusilə yaratdığımız təhlükəli hücumlarda son zərbə alınmırdı. Ancaq bunlar barədə növbəti günlərdə müzakirə aparılacaq.

– Bu gün 5-6 real qol epizodu yaratmağınıza baxmayaraq, cəmi 1 qol vura bildiniz. Neçə matçdı son zərbələrdə çətinlik yaşayırsız. Bu haqda nələr deyə bilərsən?
– Artıq neçə oyundu təhlükəli hücumlar yaradırıq, ancaq sonluğu gətirə bilmirik. Hücum xəttində müəyyən çatışmazlıq var. Məşqlərdə bu problemi həll etməyə çalışırıq. Fikrimcə, növbəti turlarda daha kəsərli hücumlar qura və dəyərləndirə biləcəyik.

NİCAT SALMANLI

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp