Bu gün Topaz Premyer Liqasında 20-ci tura yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutacaq.

Liderlərdən "Qəbələ" səfərdə "Kəpəz"in qonağı olacaq. "Qarabağ" isə doğma meydanda "İnter"lə münasibətlərinə aydınlıq gətirəcək.

Topaz Premyer Liqası
20-ci tur

28 fevral

“Kəpəz” – “Qəbələ”
Kepez futbol klubu - Futbolinfo.az220px Q%C9%99b%C9%99l%C9%99fk - Futbolinfo.az
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Gəncə şəhər stadionu, 15:00. 

“Qəbələ” cari mövsümdə ilk dəfə Gəncəyə səfər edir. Məsələ burasındadır ki, qış aylarına təsadüf edən əvvəlki iki oyun Gəncə şəhər stadionunun ot örtüyünün bərbad olması səbəbindən "Qəbələ"nin stadionunda keçirilib. Bu gün isə "Kəpəz" nəhayət ki, bu rəqibini doğma azarkeşləri qarşısında qəbul edəcək. 

“Qəbələ” ardıcıl 3 qələbə qazanıb. 10 görüşdür bu klubların oyununda heç-heçə qeydə alınmır. “Kəpəz” 7 ev oyununda yalnız 1 dəfə uduzub. Bütövlükdə, 14 dəfə üz-üzə gələn tərəflərin duellərində qəbələlilərin 6, gəncəlilərin 4 qələbəsi var. Top fərqində də "Qəbələ" üstündür.

Bu mövsüm keçirilmiş oyunlara gəlincə, "Qəbələ" birinci dövrədə 2 cavabsız qolla qalib gəlmişdi. Roman Qriqorçukun komandası fasilədən sonra Tellur Mütəllimov və Baqali Dabonun vurduğu qollar sayəsində 3 xala sahib çıxmışdı. Üç penaltinin qeydə alındığı son oyun daha gərgin alınmışdı. İlk yarıda Filip Ozobiç penaltidən hesabı açmışdı. 77-ci dəqiqədə Tural Axundov da məhz penaltidən vurduğu qolla gəncəliləri ümidləndirmişdi. Lakin 82-ci dəqiqədə "Kəpəz"in heyətində Renan da Silva həm qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuş, həm də penaltiyə səbəb olmuşdu. Bu penaltini dəqiq yerinə yetirən Ruslan Qurbanov "Qəbələ"yə vacib qələbə qazandırmışdı. Maraq üçün qeyd edək ki, həmin oyunu da bugünkü matça təyinat almış Əliyar Ağayev idarə etmişdi.

Bu oyunda da "Qəbələ" favoritdir. Hər halda qış fasiləsindən sonra çox uğursuz çıxışı ilə diqqət çəkən "Kəpəz"lə müqayisədə Qriqorçukun komandası daha inamlı təsir bağışlayır. Son turda hətta "Qarabağ"a qalib gəlməklə zirvəyə də şərik çıxan qəbələlilər liderliyini qorumaq üçün əlindən gələni edəcək. Amma Gəncə təmsilçisi də doğma meydanda ən azı uduzmamağa çalışacaq.

Statistika: 14 oyun, +4=4-6, top fərqi 11-14

1-ci dövrə: 0:2
2-ci dövrə: 1:2

“Qarabağ” – “İnter”
Qaraba%C4%9F (A%C4%9Fdam) loqo - Futbolinfo.azLogo200inter - Futbolinfo.az
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Azersun Arena”, 18:00.

"Qarabağ"ı "Qəbələ" ilə müqayisədə daha çətin sınaq gözləyir. Çünki rəqib liderlərin əsas izləyicisi "İnter"lə duel gözləyir. Rəqiblər 50-ci – yubiley oyununda üz-üzə gələcək. Son 5 matçda meydan sahibi komanda uduzmayıb. Ardıcıl 15 səfərdə qalib gəlməyən “İnter” 5 oyundur rəqib meydanında qol vura bilmir. Əvvəlki 49 oyundan 21-də Ağdam, 11-də isə paytaxt klubu qələbə qazanıb. Top fərqində də ağdamlıların böyük üstünlüyü var.

Cari mövsümə təsadüf edən oyunları "Qarabağ" üçün uğurlu saymaq olmaz. Məsələ burasındadır ki, həmin oyunlardan birində "İnter" qalib gəlibsə, digəri də heç-heçə başa çatıb. Birinci dövrədə "İnter Arena"da keçirilən görüşdə Reynaldo son ölkə çempionunu hesabda önə keçirmişdi. Lakin 70 və 75-ci dəqiqələrdə iki qol vuran Ruslan Abışov bu dublu sayəsində "bankirlər"ə əzmkar qələbə qazandırmışdı. Maraqlıdır ki, indi bu futbolçular qış fasiləsində "Qarabağ"la "İnter"in düşərgəsini tərk ediblər. İkinci dövrədə "Azərsun Arena"da baş tutan qarşılaşmada isə hesab açılmamışdı. Bu dəfə necə olacağı maraqla gözlənilir.

"Qarabağ"ın futbolçuları "Qəbələ"yə məğlubiyyətdən sonra yəqin ki, növbəti dəfə uduzmağı ağlına da gətirmirlər. Hətta növbəti xal itkisi də bu komandanın planlarına daxil deyil. Əks halda "Qəbələ" "Kəpəz"ə qalib gəlməklə vahid liderə çevrilə bilər. Bu üzdən də Qurban Qurbanovun komandası cari mövsümdə ilk dəfə "İnter"i məğlub etməklə çempionluq iddiasını davam etdirməyə çalışacaq. Lakin Zaur Svanadzenin çalışdırdığı paytaxt klubu da çempionla dueldə ən azı uduzmamağı hədəfləyib.

Statistika: 49 oyun, +21=17-11, top fərqi 54-31.

1-ci dövrə: 1:2
2-ci dövrə: 0:0

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp