İndiki dövrdə komanda saxlamağın necə çətin olduğu hamıya bəllidi. Hələ bir neçə komandaya qayğı göstərmək, ümumiyyətlə, böyük əmək tələb edir.
 
Qarşısına doğma rayonunda futbolun inkişafı ilə bağlı məqsəd qoyan “Ağsu” təkcə əsas komanda ilə kifayətlənməyib. Belə ki, divizion təmsilçisinin həm də müxtəlif yaş qruplarında komandası var.
 
Sözügedən rayonda olduğumuz müddətdə əyalət təmsilçisinin 16 yaşlılarına rəhbərlik edən Ramin Nəsibovla söhbətləşdik. Yanız yerli uşaqlardan qurulan komandanın çalışdırıcısı kollektivlərinin hazırkı vəziyyəti ilə bağlı fikirlərini "Futbolinfo"ya bildirdi: “18 oyunçumuz var, hamısı da yerli uşaqlardı. Aralarında 4-5 perspektivli oyunçu görürəm. Artıq bu uşaqlardan 3-ü əsas komandamıza cəlb olunub. Biri isə yığmaya dəvət edilib. Sponsorlarımız bizi demək olar hər şeylə – məşq ləvazimatlarından tutmuş avtobusa kimi – təmin ediblər. Məşqlərimizi əsas komandanın ev qarşılaşmalarını keçirdiyi meydançada edirik”.
 
Nəsibov seleksiya işləri ilə bağlı da danışdı: “Ağsuda əvvəllər heç vaxt hasısa futbol klubu olmayıb. 4-5 ildi rayonumuzda futbol var. Şərait yaradılıb, biz də hər yaş qrupundan heç olmasa, 3-4 oyunçunu üzə çıxarmaq istəyirik. Seçim etməkdə çətinliyimiz yoxdu, imkanlarımız genişdi. 10-15 gün, bəzən isə bir ay həmin uşaqları sınaqdan keçiririk. Komandamızın oyunları həftənin cümə axşamı gününə düşür. Çalışırıq ki, uşaqlar dərslərindən qalmasın”.
 
Qeyd edək ki, “Ağsu”nun 16 yaşlıları öz çempionatında 12 komanda arasında 9-cu pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp