Ağsu. Bu rayonun adı gələndə şübhəsiz hamının ağlına dolanbac yollar, aşırımlar gəlir. Bakıdan təxminən 2 saat uzaqlıqda yerləşən bu şəhərə elə ilk cümlədə qeyd etdiyim yollarla gedib çıxa bildik. Təbii ki, bura gəlişimiz səbəbsiz deyildi. Futbol, futbol və yenə də futbol…
 
“Ağsu” evdə “Bakılı”nı qəbul edəcəkdi. Özümüzü matçın keçiriləcəyi məkana – Ağsu Olimpiya İdman Kompleksinə çatıdırdıq. Bu dəfə də jurnalistlərin bölgəyəsəfərini Peşəkar Futbol Liqası təşkil etmişdi.
 
Bakıdan fərqli olaraq, burada hava isti idi, elə insanları kimi… Forma sponsoru “Vita1000” şirələri kimi klub rəhbərliyi də şirindil idilər. Jurnalistlərin çalışması üçün hər cür şərait yaradan komandanın bazası və şəraiti heç də Premyer Liqa klublarından geri qalmır.
 
Start fitinə təxminən yarım saat qalmış hər iki komanda oyunöncəsi isinmə hərəkətlərini etmək üçün meydançaya qədəm qoymuşdu. “Ağsu” ənənəsinə sadiq qalaraq meydançaya göy forma ilə, qonaqlar – “Bakılı” isə sanki kimin əlinə keçdisə, geyinib çıxmışdı.
 
Oyun ərəfəsində kiçik mərasim baş tutdu. Artıq bir müddətdi ki, PFL-in təşkil etdiyi “ayın ən yaxşı qolu” nominasiyasının qalibi burada mükafatlandırılacaqdı. Çempionatdakı qış fasiləsinə görə bir az gec olsa da, əsas odu ki, qalib qənimətinə qovuşdu. Belə ki,  “Bakılı”nın oyunçusu Nurlan Məmmədzadə dekabrda “Səbail”ə vurduğu qola görə bu uğura imza atmışdı. Ölkədə böhranın olduğu bir vaxtda, klubların maaşları verməkdə çətinlik çəkdiyi bir dövrdə PFL-in verəcəyi pul mükafatı – 500 AZN Məmmədzadəni varlandırmasa da, ən azı hansısa bir probleminin həllinə kömək olacaq.
 
Amma “Bakılı”ya heç nə kömək olmadı. Yalnız ilk hissədə müqavimət göstərən komanda fasiləyə kimi 1 dəfə meydanın mərkəzinə dəvət edildi. İkinci yarıda qonaqlar həm fiziki, həm də taktiki planda rəqibindən aşkar şəkildə geri qalırdı. Fasilədən sonra rəqibini daha 6 dəfə meydanın mərkəzinə dəvət edən ağsuluların qələbəsi gözlənildiyi kimi, asan başa gəldi. Düzü, bu cür birtərəfli oyunun gedişindən nəsə yazmaq çətindi. Əvəzində qabardılası digər məsələlər var.
 
Xoş hava şəraitində keçirilən matçda tribunalardakı oturacaqlar adamın üzünə bozarırdı. Premyer Liqaya həsrət qalan komandanın  tərəfdarları da artıq komandalarını divizionda görməkdən bezib. Sanki “sizif əməyi”nə məhkum olunmuş klub indiyə kimi 3 dəfə divizionda mükafatçılar sırasına düşsə də, növbəti mövsüm yenə gözünü elə divizionda açır. Elə bu səbəbdəndi ki, azarkeşlər də bu cür faydasız əməyi görməkdən bezib. Təbii ki, onları tribunalara qaytarmaq üçün “Ağsu” nun Premyer Liqada iştirakı zəruridi. Belədə futbol ənənəsi olmayan bölgədə bu oyuna maraq daha da artacaq.
 
Normal şəraiti, bazası olan klub hətta uşaq futboluna da diqqət ayrırır. 4 yaş qrupu üzrə komandası olan “Ağsu” uşaq futboluna ayırdığı diqqətin bəhrəsini görməkdədi. Düzdü, məhdud şəraitdə messilər, ronaldolar yetişməsə də, ən azı “Bakılı” ilə matçda het-trikə imza atan Elnur Səmədov kimi futbolçular üzə çıxa bilər. Sadəcə, bu klubu nəzərdə saxlamaq lazımdı…
 
Təbii ki, bütün yazını “Ağsu”nun üzərində qurmaq düzgün olmazdı. Axı, həmin gün meydanda başqa bir komanda da var idi. Təbii ki, ona komanda demək mümkündüsə… Baş məşqçisi, həkimi, hətta düz-əməlli idman ləvazimatları olmayan bir komanda düşünün.  Belə vəziyyətdə bakılılardan nə gözləmək olar ki? Komanda o qədər məğlubiyyətə alışıb ki,  hakimin final fitindən sonra qeydə alınan nəticə soyunub-geyinmə otağına yön alan futbolçuların heç vecinə də deyildi. Yalnız cəza səbəbindən oyunu tribunadan izləyən Nadir Qasımovdan başqa… Onu isə ən çox əsəbləşdirən rəqib komandanın onlara rəhm etmədən qolları sıralaması oldu. Bəlkə də elə bu səbəbdəndi ki, Qasımov rəqib baş məşqçi – birvaxtlar “Xəzri”də onun rəhbərliyi altında futbol oynayan Rüfət Quliyevi acıladı: “Yaxşı Rüfət, ömrünün sonuna kimi bu nəticəni yadında saxla” deyib ona dişini qıcadı.
 
ELMAR ABDULLA-ZADƏ, Bakı – Ağsu – Bakı
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp