“Neftçi” üçün xoş statistikadı. Lakin tarixi klub üçün ardıcıl 3-cü Premyer Liqa oyununda qapısını toxunulmaz saxlamaq nə dərəcədə mühüm hadisədi?
 
XX turun AZAL-la dünənki matçında 1:0 hesabı ilə qalib gələn “ağ-qaralar” qapısını yenə toxunulmaz saxladı. Fevralın 13-də “Sumqayıt”ı eyni hesabla udub, 5 gün sonra “Kəpəz”lə qolsuz sülh bağlayan bakılılar sonuncu dəfə belə uğura 2014-cü ilin bu vaxtında sevinmişdi. Martda “Rəvan” və “Xəzər Lənkəran”, apreldə “Bakı” ilə görüşən “Neftçi” hər üç görüşdə 1:0 hesablı qələbə qazanmışdı.
 
3 il, 65 çempionat oyunu – “Neftçi”nin acı günlərinin müddəti bu qədərdi. Davam edəcəkmi? Komanda böhrandan həqiqətən çıxıbmı? Bax, bunu demək çox çətindi. Çünki AZAL-la oyun göstərdi ki, “Neftçi” qismən ayılsa da, hələ əzəmətli komanda deyil. Hətta bundan çox uzaqdı.
 
Qaliblər mühakimə olunmur, lakin bu gün ən azı ümumi təəssüratı bölüşmək, bəd ehtimalları səsləndirmək lazımdı. Aşkar autsayderlə oyunda qazanılan çətin qələbə baş məşqçi Elxan Abdullayevi mütləq düşündürməlidi.
 
Hesab erkən açıldı. AZAL müdafiəsi sanki oyuna yataqdan qalxaraq gəlmişdi və yuxulu müdafiəçilərin əhatəsində olan Daniel Seqoviya topu ram edib, zərbə vurmaq üçün çətinlik çəkmədi. Sanki mühafizə xidmətinin qoruduğu forvard qolçuluq bacarığını növbəti dəfə göstərsə də, bunda daha çox “təyyarəçilər”in əməyi oldu. İstənilən halda, futbol səhvlər oyunudu və bundan istifadə etməyi bacaranı alqışlamaq lazımdı.
 
5 dəqiqə keçməmiş “Neftçi” müdafiəçiləri də yuxuladı. Lakin bu dəfə qapı qarşısında qol fürsəti qazanan Vaqif Cavadov idi. O isə… Penalti nöqtəsi üzərindən, heç kimin mane olmadığı şəraitdə 7 metrlik qapını nişan ala bilməyən hücumçunun 3 aydan bir klub dəyişməsi çox normaldı.
 
Oyunun qalan dəqiqləri daha çox güc mübarizəsi idi. Hər iki komandanın bir neçə qol epizodu oldu – hücumçuların son anda dəqiq olmaması, üstəlik, qapıçıların yaxşı oyunu nəticənin dəyişməsinə imkan vermədi.
 
Baş hakim Ömər Paşayev nəticəyə təsir edən hansısa səhvə yol vermədi, lakin onun idarəçiliyini bəyənmək də mümkün deyil. Hər xırda toqquşmaya fit çalan, futbolçuların etirazına görə qərar qəbul edən referi sürətli oyuna imkan yaratmadı. Maraqlıdı ki, meydan sahiblərinin baş məşqçisinin davamlı “Ömər, imkan ver, futbol oynasınlar” etirazından sonra hakim bir qədər özünə gəldi, Tərlan Əhmədovu dinlədi. Bu məqamlarda – ikinci hissənin əvvəlində AZAL-ın sürətli hücumları artdı və yenə səhnəyə yersiz fitləri ilə Paşayev çıxdı. Bununla da yenidən ilk yarıdakı darıxdırıcı futbolu izləməyə başladıq.
 
AZAL-ın halvası çoxdan çalınıb, bu komandanın gücünə görə elitada qalması qeyri-mümkündü. Əhmədov həqiqətən çox iş görüb, faktiki heç kimə lazım olmayan futbolçularla döyüşkən kollektiv yaradıb. Futbolçuların ustalığı yetərincə olmasa da, əzmkarlıq sayəsində komanda heç kimə asan təslim olmur. Amma əzmkarlıq da bir yerə kimidi. Bəlkə də dünən debüt edən Mehdi Taouil və Samir Məsimov kollektivə daha tez qoşulsaydı, Vaqif normal hazırlıq prosesi keçsəydi, komanda daha yaxşı təsir bağışlayar, xalı bir qədər çox olardı. Lakin istənilən halda rəhbərliyin diqqətsizliyi, hər şeyi baş məşqçinin üzərinə atması ilə bundan artığına ümid etmək olmaz.
 
Tərlan bəy “Neftçi”ni oyunun gedişində analiz edib, riskə də əl atdı. Son dəqiqələrdə müdafiəçinin yerinə hücum oyunçusuna şans verdi, təzyiqi artırdı. Lakin həlledici anda məhz ustalıq səviyyəsi nəticənin dəyişməməsində böyük rol oynadı. Yalnız Məsimovun qısa müddət ərzində qonaqların sol cinahını iflic etməsi diqqət çəkdi, təəssüf ki, onun ötürmə verdiyi mövqedə Seqoviya yox, özünü sürüməyə də çətinlik çəkən Cavadov var idi.
 
“Neftçi”də özünəinam var, komanda müdafiədə səliqəli oynamağa çalışır. Bəlkə də erkən qol arxayınlıq yaratdığı üçün bakılılar riskə getmədi, nəticəyə oynadılar. Bununla belə, görünən odu ki, minimal hesablı qələblərlə uzağa getmək olmayacaq. “Sumqayıt” son dəqiqələrdə oyunu buraxdı, AZAL startda ani səhv etdi və qələbələr reallaşdı. Lakin bu oyun tərzi ilə nisbətən daha yaxşı heyəti və ağıllı məşqçisi olan “Kəpəz”i yenmək olmadı. “Neftçi”nin müdafiəsi inamlı görünür, lakin onlara real qiyməti növbəti turda “Zirə” verəcək. Şəxsi qənaətim odur ki, bir az “diri” komanda Abdullayevin yetirmələrinə ciddi problem yaradacaq.
 
“Neftçi”nin müdafiəsi çox ağırdı, üstəlik, dayaq oyunçuları da onlarla kompakt oynaya bilmir. Tərzin Cahangirov sırf limit üzündən start heyətinə düşmək şansı qazanıb, Ruslan Abışov stabil oynamır, Murad Ağayevlə Edson Kastilyonun səviyyəsi də “Neftçi”yə görə deyil. Hə, Folprext səviyyəli futbolçudu, lakin lider deyil. İqnasio Herrera da yalnız cinahda sanki onun üçün şəkilmiş dəmir yolu relsi ilə hərəkət edir, manevrlərdə, zonalara açılmalarda faydası görünmür. Seqoviya üçün mərmidaşıyanlar da yoxdu. “Neftçi”ni yenmək üçün rəqibin tempi artırması, ara ötürmələri öldürücü ola bilər. Son oyunlarda “Kəpəz” bu oyun tərzi ilə 4 real qol şansı qazandı, “Sumqayıt” və AZAL-la oyunlarda rəqib futbolçuların potensialı buna imkan vermədi. Lakin “Zirə” də bunu bağışlayacaqmı?
 
“Neftçi”nin ən böyük çatışmazlığı B planının olmamasıdı. Qışdan bu yana komanda eyni tərzdə oynayır, məşqçi işi ciddi şəkildə hiss olunmur. Bakılılar hələ ki, hesabda geri düşməyib, həmişə ilk qolu vuran tərəf olub. Şəxsən mənim üçün hesabda geri düşəcək “Neftçi”nin manevrləri çox maraqlıdı. Komanda hansı oyun tərzini seçəcək; vəziyyəti necə dəyişəcək – Abdullayevin əsl bacarığı bax, onda üzə çıxacaq.
 
Hələlik hamı məmnundu. Azarkeşlər də, rəhbərlik də qələbələr qazanan, yavaş-yavaş yuxarı pillələrə dırmanan, qol buraxmayan komanda izləyir. Lakin bu oyun kuboku alacaq və ya Avropa Liqasına vəsiqə qazanacaq “Neftçi” vəd etmir. Məndən söyləməsi…
 
FƏRİD
Shares: