"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Yaxşı oyun oldu. "Qəbələ" – "Qarabağ" oyunundan heç də geri qalmırdı. Artıq komandamız əvvəlki günlərini qaytarmaq üzrədir. Bir müddət komandamızın oyununda eniş olsa da, son iki oyunda futbolçularım özlərini yaxşı tərəfdən göstərməyi bacarıblar. Oyuna və qazanılan nəticəyə görə onlara təşəkkür edirəm".

Nicat Qurbanovun rəqib komandanın oyunçusu Nika Kvekveskiri ilə məlum münaqişəsinə də toxunan Diniyev həmin epizodla bağlı bunları deyib: "Nicat Qurbanova fasilə ərəfəsində yaxınlaşdım. Uşaq kimi ağlayırdı. Əlbəttə, böyük səhv edib. Ancaq bir səhvə görə futbolçunu siyahldan silmək olmaz. Onunla söhbətimiz olacaq". 

Baş məşqçi yarımmüdafiəçi Serjinyonun hücumda yer almasından da danışıb: "Qəbələ"nin mərkəz müdafiəçilər çox ucaboydurlar. Onların qarşsında topla oynamağı bacaran, texnikalı futbolçunu meydançaya buraxmağı lazım bildim. Məncə, Serjinyo fərqli mövqedə pis oynamadı və özünü ən yaxşı tərəfdən göstərməyi bacardı".

Diniyev son oyunlarda Davud Kərimiyə şans verməsindən söz açıb: "Eniş təkcə əsas qapıçımız Tadas Simaitisin yox, komandanın oyununda idi. Son oyunlarda Davuda şans verirəm və o, ozünü sübut etməyi bacarır. Amma o demək deyil ki, Tadas bir daha oynamayacaq".

Shares: