"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

– AFFA-da baş katib Elxan Məmmədovla görüş necə keçdi?
– Rəsmi sənədlərlə bağlı bəzi məsələlər vardı. Onları imzalamalı idim. Daha sonra baş katiblə görüşdük. Xüsusi nəsə olmadı. Milliyə dəvət aldığım üçün məmnun olduğumu bildirdim.

– Səncə, milliyə nə qədər köməyin dəyəcək?
– Futbol, komanda oyunudu. Hamı bir-birinə kömək etməlidi. Mən də komanda yoldaşlarıma kömək etməyi fikirləşirəm. Bunu bacarsam, yaxşı olacaq. 

– Milliyə nə vaxt qoşulacaqsan? Martda, ya iyunda?
– Dəqiq nəsə deyə bilmirəm. Hüquqi məsələlər var. Əvvəlcə pasport almalıyam. Pasport məsələsi nə vaxt həll olunsa, ondan sonra bu barədə danışa bilərik. Hazırda ancaq “Qarabağ” haqqında düşünürəm.

– Bügünkü oyun haqqında nə deyə bilərsən?
– Futboldu, hər nəticə ola bilər…

– Səncə, komanda niyə belə zəif oynadı?
– Bu, sizin fikrinizdi, hörmətlə yanaşıram. Amma məncə, zəif oynamadıq. Sadəcə olaraq, qol vura bilmədik. Bu da futbolda olan hadisədir.

ELMAR ABDULLA-ZADƏ

Shares: