"İnter"in müdafiəçisi Zurab Xizanişvili Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Qarabağ"a səfərdə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra brifinq keçirib. Futbolinfo.az xəbər verir ki, qarşılaşmada qələbə topunun müəllifi olan gürcüstanlı müdafiəçi jurnalistlərin suallarını cavablandırıb:

– Oyun haqda nə deyə bilərsən?
– Çətin oyun oldu. "Qarabağ" Azərbaycanın ən yaxşı komandalarından biridir. Təbii ki, belə rəqibə qarşı oynamaq bizim üçün xüsusi motivasiya kəsb edirdi. Çünki güclü komandaya qarşı oynayırdıq. Bu qələbədə hamının yüz faiz payı var idi. Həm futbolçuların, həm də məşqçilər heyətinin. Şükür ki, bu gün 3 xal qazandıq.

– 36 yaşında bu cür gözəl qol vurmaq sənə hansı hisslər bəxş edir?
– (gülür) Əlbəttə, yaxşı. Yaşın bir o qədər əhəmiyyəti yox idi. Əsas məsələ odur ki, biz qol vurduq, komanda qalib gəldi. Mən belə deyərdim.

– "Qarabağ" bu çempionatda "İnter"lə keçirdiyi heç bir oyunda qalib gələ bilməyib. Böyük çempionatlarda oynamış bir futbolçu kimi bunun sirrini bizə deyərdin…
– Sirr odur ki, biz 1 qol vuraraq qalib gəldik, "Qarabağ" isə bunu edə bilmədi.  

– Eyni baxımlı qolu "Qarabağ"a vuranda daha çox həzz alırsan, yoxsa AZAL-a?
– Biri var "Mançester Yunayted"ə qol vurmaq, biri də "Kristal Palas"a. Təbii ki, mançesterlilərə qol vurmaq daha yaxşıdır. Əlbəttə, "Qarabağ"la "Qəbələ" Azərbaycanın ən güclü komandalarıdır. Mənim üçün əsas qələbə qazanaraq 3 xalı almağımızdır.

– "İnter"də son vaxtlar baş verən proseslərdən sonra bu klubda sön mövsümü keçirməsi mümkündür?
– Heç bir problem yoxdur. Burada texniki məsələlərdir ki, himayədarlıq hələ ki, bankdan AFFA-ya keçib. Müqaviləm var və mayda bitəcək. Burada yaş məsələsi var. Artıq 37 yaşa keçəcəyəm və yəqin ki, son mövsümüm olacaq.  

ELMAR ABDULLA-ZADƏ

Shares: