Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində “İnter”ə məğlub olan və liderlə xal fərqinin artmasına mane ola bilməyən “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev matçdan sonra futbolinfo.az saytının əməkdaşının da suallarını cavablandırıb:
– Məğlub olmağınızın səbəbini nədə görürsünüz?
– Yaxşı hazırlaşmışdıq. Qələbə qazanıb, yerimizi geri qaytarmaq istəyirdik. Alınmadı. Qarşıda daha çətin oyunlarımız var. “İnter”in bizə qarşı belə motivasiya ilə mübarizə aparacağını da əvvəlcədən bilirdik, gözləyirdik.
– Sanki komandaya nə isə mane olurdu…
– Xüsusilə də birinci hissədə imkanlarımız oldu, istifadə edə bilmədik. Sonda da belə alındı.
– Meydanda bir qədər hirsli görünürdünüz. Nə idi sizi qıcıqlandıran?
– Aparıcı oyunçularımızı itirmişik. Matça 2 gün qalmış da Dino Ndulovunun oynamayacağı məlum oldu. Düzdü, meydana çıxan hər kəs mübarizə apardı. Ancaq hamı bilir ki, “İnter”ə qol vurmaq çox çətindi.
– İtkilər fonunda qış fasiləsində komandadan ayrılan Reynaldonun yeri görünür?
– Bu haqda çox sual verirlər. O, komandadan ayrılıbsa, nəsə deməyin, danışmağın mənası yoxdu.
– “Qəbələ”nin “Kəpəz”lə oyunda 2 xal itirməsi meydana çıxarkən sizi motivasiya etdimi?
– Bunu deyə bilmərəm. Onsuz da qələbə qazanmaq istəyirdik. Ancaq 90 dəqiqə başa çatıb və nəticə ortadadı. Danışılası bir şey yoxdu. Yenə deyirəm, “İnter”in bu cür oynayacağını gözləyirdik.
– Oyundan sonra nə baş verdi?
– Azarkeşlər heç kimi söymürdülər, sadəcə, tələblərini bildirirdilər. İstəyirdilər, qələbə qazanaq, yenidən liderliyə yüksələk. Ancaq ifrata varmaq olmaz. Çünki biz onlar üçün oynayır, onlara xidmət edirik. İndidən elə ab-hava yaradılıb ki, sanki çempionat başa çatmaq üzrədi. Hələ qarşıda 8 tur var. Böyük marafon bizi gözləyir və azarkeşlərin dəstəyi komandamız üçün vacibdi. Onların dəstəyi bizi oyuna kökləyir.
ELMAR ABDULLA-ZADƏ