“İnter”in futbolçusu Fuad Bayramovun futbolinfo.az saytına müsahibəsi:

– Premyer Liqanın son turunda "Qarabağ" üzərində qazandığınız qələbəni necə şərh edərdiz?
– Çətin oyun oldu. Hazırda maddi vəziyyətimiz yaxşı deyil, buna baxmayaraq, əlimizdən gələni etdik ki, qələbə qazanaq. Sponsorumuz yoxdu, qazandığımız nəticəni də kimlərsə görüb, bizə yiyə dursun. Hələ ki, AFFA mövsümün sonuna kimi köməklik edəcək. Artıq 3-cü aya keçirik ki, maaş yoxdu.

– Nə vaxt olacaq?
– Əvvəlcə fevralın 28-nə deyilmişdi. İndi də matın 10-na söz veriblər, gözləyirik.

– Kapitanınız Nizami Hacıyev demişdi ki, “İnter” bu mövsüm ilk 3-lüyə düşməsə, kitabınız bağlanacaq…
– Nəticədən asılı olmayaraq, komanda yaşayacaq. Biri var yaxşı yaşayaq, sponsorumuz olsun, bir də var sonuncu pillədə olasan. Məncə, Avroliqaya vəsiqə qazansaq, hər şey yaxşı olacaq. Yəni minumum indiki maliyyə imkanları ilə yolumuza davam edəcəyik. Bu sözləri özümüzdən çıxarmırıq, bizə də rəhbərlikdən deyilib.

– “Qarabağ”a cari mövsümdə məğlub olmamısız. Bunun sirri nədədi?
– Bunun heç bir sirri yoxdu. Uşaqlar meydanda vuruşdu. “Qarabağ”ı “Azərsun Arena”da məğlub edən ilk komanda olduq. Sevindirici haldı ki, ilkə imza atan biz olduq. Fikrimcə, hamının əziyyəti oldu, məşqçilərdən tutmuş bütün futbolçulara kimi… Yaxşı kollektiv var ki, qələbə qazanırıq.

– Amma bu oyunlar digər komandalara qarşı göstərə bilmirsiz. Məsələn, “Zirə” ilə bütün oyunlar heç-heçə başa çatıb, “Neftçi”dən ümumiyyətlə, xal ala bilməmisiz…
– Düzü, “Neftçi” ilə oyunlarımız nədənsə alınmır. Bu mövsüm hər iki məğlubiyyətimizi onlardan almışıq. Səhvi özümüzdə axtarmalıyıq. 

– Matçın ən maraqlı epizodlarından biri sənin sarı vərəqə aldığın epizod oldu…
– 4-cü hakim referini mikrofonla çağırıb, “Elvin, Elvin” qışqırdı, sonra da əli ilə işarə etdi ki, “gir içəri”.  Mən də meydana daxil oldum. Hamı da gördü ki, 4-cü hakim əli ilə mənə oyuna girməyim üçün işarə verdi. Elvin Əsgərov da meydana daxil olmağımı gördü. Mənə “çıx çölə” deyə işarə də edə bilərdi. Amma məni görə-görə sarı vərəqə verdi. 

– Bəs, 4-cü hakim Əsgərova heç nə demədi buna görə?
– Fasilədə özünə yaxınlaşdım, dedi ki, “mən belə şey deməmişəm”. İndi mən ona necə sübut edim? Halbuki hamı da işarə etdiyini gördü. 

– Bu qələbədən sonra daha da irəliləmək şanslarınıza necə baxırsınız?
– Əvvəlcədən nəsə demək istəmirəm.  Qarşıda 8 tur var. Özümüzdən çox şey asılıdı. Bəlkə də çempionluq uğrunda vuruşa bilərik. Arada xal fərqi elə də çox deyil. Bütün matçlarda dünənki kimi çıxış etsək, bəlkə də çempion ola bilərik. 

ELMAR ABDULLA-ZADƏ

Shares: