Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Qarabağ” – “İnter” matçının 86-cı dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

“Kəpəz” – “Qəbələ” matçının 38-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Nicat Qurbanov rəqibə əl ilə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub.

Oyunun 38-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Nika Kvekveskiri rəqib futbolçuya əl atdığına görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub.

Oyunun birinci hissəsi bitdikdən sonra “Qəbələ”nin rəsmi şəxsləri Zaur Əzizov və Səbuhi Səfiyarlı hakimlər briqadasının ünvanına qeyri-etik ifadələr işlətdiklərinə görə hər iki şəxsin oyun zamanı, oyundan əvvəl və sonra stadionun dəhlizinə, soyunub- geyinmə otaqlarına girişinə 5 oyun qadağa qoyulub, klub 8000 manat cərimə olunub.

– “Qəbələ” klubunun rəsmi şəxsi Səməd Nəsibov hakimlər briqadasına qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə stadiona və ona bitişik ərazilərə girişinə 10 oyun qadağa qoyulub, klubu 8000 manat cərimə olunub.

– “Qəbələ” klubunun rəsmi şəxsi Səbuhi Qarayev hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona və ona bitişik ərazilərə girişinə qadağa qoyulub, klubu 16000 manat cərimə olunub.

– “Qəbələ” klubunun həkimi Namiq Hüseynov hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılıb, klub 4000 manat cərimə olunub.

Shares: