Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, verilən qərarlar “Qəbələ” üçün baha başa gəlib.
Belə ki, klub ümumilikdə 38 400 manat cəzalanmaqla yanaşı, 5 rəsmisinə də müxtəlif cəzalar verilib. Ən ağır cəzaya qalanlardan biri də “qırmızı-qaralar”ın Media və Marketinq direktoru Səməd Nəsibovdu. Stadiona girişinə 10 oyunluq cəza qoyulan Nəsibov saytımıza açıqlamasında bunları bildirib: “Klub olaraq məsələyə ümumi münasibət bildirəcəyik. Amma onu deyə bilərəm ki, mən heç kimə fiziki təzyiq göstərməmişəm, nə də buna cəhd etməmişəm. Bunu hakimlər də təsdiq edə bilər”.
Qeyd edək ki, Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində Gəncədə keçirilən “Kəpəz” – “Qəbələ” (1:1) matçının fasiləsində qonaq komandanın rəsmilərinin gəncəlilərin vurduğu qolda ofsayd qeydə alınmadığı üçün hakimlərə təzyiq etdiyi deyilir.