AFFA İntizam Komitəsinin iclasında “Qəbələ”nin cəzalandırılacağı gözlənilirdi. Lakin ayrı-ayrı şəxslərin ümumilikdə 48 oyunluq cəzalanması, klubun 38400 manat cərimələnməsi şok effekti verdi.

Təbii ki, “Qəbələ” günahsız deyil. “Kəpəz”lə Gəncədəki matçın fasiləsində başverənlərə görə cəzalar olmalıydı. Qonaqlar əsəblərinə hakim ola bilməmiş və hakimlərə təzyiq göstərmişdilər. Lakin matçın baş hakimi Əliyar Ağayevin də etiraf etdiyi kimi, onun briqadasına fiziki təzyiq göstərilməmişdi. Hakimlərin təhqir edilməsinə görə bu qədər şəxsin cəzalandırılması çox sərtdi. Həqiqətən də bu qədər ciddi qarşıdurma olubsa, deməli, hakimlər də qarşılıq verib və onlar haqda da ölçü götürülməlidi. Qərarda isə bu barədə hansısa qeyd yoxdu.

Aşkar görünür ki, AFFA neçə vaxtdı hakimləri, PFL-i, qurumun özünü təzyiq altında saxlayan “Qəbələ”yə qulaqburması verməyə çalışıb. Bəlkə də bu cəzaların bir qismi 2-ci dövrədəki “Qarabağ” – “Qəbələ” oyunundan qalıb. Çünki o zaman da bu klubun rəsmiləri eyni hərəkəti etmişdi. Lakin o vaxt meydanda zərbə alan “Qəbələ” bağışlanmışdı, bu dəfə isə hakimlərin nəticəyə təsir edən ciddi səhvi olmadığından AFFA ağır cəzalar üçün fürsət tapdı.

Yəqin ki, tezliklə “Qəbələ” rəsmi bəyanatla bu cəzalara münasibətini açıqlayacaq. Çünki bu, faktiki klubu başsız qoymaq kimi bir şeydi. Əyalət təmsilçisinə bəraət qazandırmırıq, lakin o da fakdı ki, klub məhz səsini çıxarandan, mətbuatda, sosial şəbəkədə etirazını bildirəndən sonra turnur cədvəlində zirvəyə yüksəldi. Deməli, düz olmayan nələrsə var ki, narazılıq edəndə, haqqını qorumağa çalışanda sənə qarşı daha diqqətli davranırlar.

Təəssüf ki, bu qərarda “Qəbələ”yə qarşı aqressiya var. Eyni hadisələr divizion klublarının oyunlarında daha tez-tez olur, amma bunun 1/10-i qədər cəza kəsilmir. Əsasnaməylə, qanunlar toplusuyla, intizam kodeksiylə hər şey doğrudu. Lakin nəzərdə tutulanın maksimumunu tətbiq etməklə AFFA “Qəbələ”yə qarşı amansız olduğunu göstərir. Ya hamıya qarşı eyni mövqe tutulmalıdı, ya da bu komandaya da müəyyən qədər güzəşt edilməliydi.

Söyüşə, təhqirə, aqressiyaya bəraət yoxdu. Lakin 48 oyunluq cəza, 38400 manat cərimə… ?!

AFFA dəyənəklə idarəçilikdənsə, öncə ciddi xəbərdarlıq etməliydi. Əvvəlki oyunlardan sonra kluba hər hansı xəbərdarlıq edilsəydi, bəlkə də vəziyyət bu həddə çatmazdı. Həm də o qədər insanın fasilədə hakimlərlə bu şəkildə dialoquna imkan yaradılıbsa, təhlükəsizlik xidməti nə iş görürmüş?

Oyunun 38-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Nicat Qurbanov rəqibə əl ilə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldı və 4 oyunluq cəzalandı. Əslində, o aqressiya bütün başverənlərin təməl səbəbi idi. Elə buna görə gəncəlilərin yarımmüdafiəçisi daha uzun müddətə cəzalanmalıydı. “Qəbələ”nin futbolçusu Nika Kvekveskirinin cəzası isə 2 oyunla da bitə bilərdi. Çünki gürcü rəqibə xəsarət yetirəcək bir hərəkət etmədi. Epizodun “rəqib futbolçuya əl atdığına görə” kimi dəyərləndirilməsi də bir az gülməlidi.

“Qəbələ” klubunun rəsmi şəxsi Səbuhi Qarayevin hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyi deyilir. Hər halda, qərardan belə anlaşılır. Güman ki, oyunun AFFA nümayəndəsinin protokola yazdıqları əsas götürülüb. Lakin bunu sübut edən hansısa videogörüntü və s. varmı? Axı, Əliyar Ağayev dünən verdiyi müsahibədə belə bir şey olmadığını dilə gətirib.

Qərar verilib, indi hadisələrin gedişini izləmək, “Qəbələ”nin özünümüdafiə bəyanatını gözləməliyik. Etiraf etmək lazımdı ki, bu klubun rəsmiləri də sərhədləri aşmışdı, əvvəl-axır hansısa cəza olmalıydı. Sadəcə, cərimələr gözləniləndən də sərtdi. Qərar verənlər bütün aqressiyasını ortaya qoyub, “Qəbələ”ylə düşmən klub kimi davranıb. Heç olmasa, klubun narazılıq edəndən sonra zirvəyə yüksəlməsi faktı yaddan çıxmamalıydı. Deməli, bu narazılıqların da hansısa səbəbi var…

AĞA

Shares: