Azərbaycan kubokunun final matçının keçiriləcəyi məkanın adı rəsmi olaraq açıqlanmasa da, artıq həlledici görüşün məkanı demək olar, hamıya bəllidi. Futbolinfo.az xəbər verir ki, matç Naxçıvan şəhər stadionunda oynanılacaq. 

Artıq stadionun ideal vəziyyətə gətirilməsi üçün hazırlıq işləri gedir. Bu haqda məlumatı saytımıza “Araz-Naxçıvan”ın icraçı direktoru Ceyhun Məmmədov verib:

“Hazırlıqlar gedir. Stadionda elə də ciddi problem yoxdu. Sadəcə, bəzi kosmetik işlər aparılacaq. Təmir işləri başlanılıb və davam edir. Stadion 2016-cı ildə təmir olunub deyə, elə çox dəyişiklik olmayacaq. Oturacaqların ətrafı bir az rənglənəcək. Hazırlıqlar oyuna 10-15 gün qalmış yekunlaşacaq. Ot örtüyü də hazırda ideal vəziyətdədi”.

Bundan başqa, may ayının sonlarında mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri də keçiriləcək. Məmmədov yarışla bağlı bunları bildirdi:

“Bu turnir ötən ildən bəri keçirilir. Bu da İslam oyunlarından sonra – ayın 22-dən sonra keçiriləcək. Amma neçə komandanın iştirak edəcəyi bəlli deyil”.

Qeyd edək ki, ölkə kubokunun finalı mayın 5-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp