AVRO-2020-yə hazırlıq işləri və loqonun təqdimatı üçün nəzərdə tutulan 670 min manatlıq büdcə də fantastikdi. Bu, Premyer Liqada mübarizə aparan əksər klubların illik xərcindən də çoxdu. Loqonun təqdimatında hansı qeyri-adi bir şey oldu ki, buna görə bu qədər xərc çəkildi? Və ya hazırlıq çərçivəsində 670 minlik nə iş görülüb ki, biz onu görə bilmirik?
 
500 min manatla ölçülən təsərrüfat xərclərinin açıqlaması mənim üçün çox maraqlıdı. Axı, nəyə və niyə bu qədər xərclənib? Əminəm ki, nəqliyyat xərcləri ilə deyək ki, bir qismi yanacaq üçün nəzərdə tutulan təsərrüfat xərclərində eyni "çeklər" az deyil.
 
"Digər xərclər" adı altında gizlədilən 707 462 manat da diqqət çəkir. Bütün xərclər yuxarıda qeyd olunubsa, büdcənin 3 faizini təşkil edən bu xərclər nəyə görə çəkilib? Və 2015-lə müqayisədə digər xərclərin ikiqat artması da çox maraqlıdı.
 
Ən təəssüf doğuran məqam isə odur ki, bütün hesabatda mətbuata ianə kimi verilən çox cüzi məbləğ də var. Media Komitəsinə cəmi 88 min manat – büdcənin 0,3%-i ayrılıb. Halbuki 2015-də təkcə AFFA-nın buraxdığı mənasız "Futbol dünyası" qəzetinin büdcəsi 147 min manatla ölçülürdü, bir il öncə bunun ikiqatı idi.
 
Toplamda AFFA-nın 2016-cı il boyunca 19 592 502 manat xərclədiyi əksini tapıb. Bunun üzərinə federasiya və üzvlərə ayrılan 842 822, AFFA-nın balansında olan stadionlara və s. xərclənən 2 801 658, U-17-lərin qitə çempionatı üçün sərf olunan 5 230 888, klublara verilən 2 507 837, Olimpiya stadionuna xərclənən əlavə 1 810 510 manat da əlavə olunmalıdı. Belədə 32 786 217 AZN edir. Yəni, gələn vəsaitdən xərclənəni çıxdıqda AFFA-nın xəzinəsində 1 416 551 manatın qaldığı aydınlaşır .
 
Lakin bu xərclər detalları ilə ictimaiyyətə açıqlansa, minimum 10 milyon manatın yersiz isaf olunduğunu sübut edə bilərik. İncə bir misal: deyək ki, AFFA hansısa əcnəbi məşqçi üçün 2000 manatlıq kirayə mənzil tutub. Bazarda həmin mənzilin kirayə qiyməti 500 manatdı, lakin həmin mənzil AFFA-nın hansısa məmuruna məxsus olduğu, pul isə dövlət şirkəti olan SOCAR-dan çıxdığı üçün hesabatda 4 qat bahasına əksini tapıb. Eyni misallar şişirdilmiş toplanış xərclərində, uşaq liqalarına ayrılan yatırımlarda da var.
 
AFFA tərkibində olan federasiyara və üzvlərə 842 822 manat ayırıb. Bunun 39%-i Futzal Federasiyasının hesabındadı. Normal çempionatı belə olmayan bir sahəyə bu qədər vəsaitin niyə ayrıldığı müəmmadı. Hə, milli komandanın uğurları var. Lakin əcnəbilərin hesabına qazanılan həmin uğura görə AFFA onsuz da kifayət qədər xərcə düşüb və hesabatda ümumi şəkildə qeyd olunub. Hakimlərə verilən qonorarlar, federasiya işçilərinin maaşları, qeyd olunmayan “paketlər” və s. fərqli ad altında ödənilirsə, bu 331 minin xərclənmə istiqaməti nədir?
 
Regional Futbol Federasiyalarına verilən 181 min manat da havaya sovrulur. Çünki bu qurumda görülən iş 181 qəpiklik deyil. Regionlarda federasiya işçiləri yalnız maaş almaqla məşğuldu, futbolun inkişafına heç bir töhfə vermirlər. Demək olar, heç bir regional futbol federasiyasında aktiv iş getmir, hətta prezidenti Cahangir Hacıyev həbs olunmamışdan xeyli qabaq ən böyük federasiya olan Bakı FF-nın qapısına qıfıl vurulubsa, bu pullar hara xərclənib? Gənc futbolçuların yetişdirilməsində işi yalnız bəzi Premyer Liqa klubları görür, regional federasiyalar isə hansısa seçkidə səs vermək üçün lazımdı.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp