AFFA-nın büdcəsinin dağıdılmasında ən böyük rolu stadionların saxlanılmasına görə çəkilən xərclər təşkil edir. Həm də bu işi bir qrup şəxs görür.
 
AFFA-nın balansında 8 stadion var və bura 2016-cı il ərzində 2 801658 manat sərf edilib. Üstəlik, SOCAR Olimpiya stadionunun hesabına ayrıca 1 810 510 manat əlavə vəsait köçürüb. Bu, ümumilikdə 5 milyon manata yaxın vəsait deməkdi – AFFA-nın xərclədiyi vəsaitin 1/7-i.
 
Bakı Olimpiya Stadionunun saxlanılması üçün 3,1 milyon manat xərclənib. Bu, aylıq 260 min AZN deməkdi. Arenanın bir çox xərcləri özünün qarşıladığını nəzərə alsaq, məbləğ kifayət qədər şişirdilib. Kiçik ölçülü süni örtüklü meydanlarda 1 oyunun saatı 60 AZN-di və belə meydanlar 3-dən çoxdu.
 
Bundan başqa, milli komandaların əksər məşqləri, “Mançester Yunayted” məktəbinin hazırlıqları, MFL-in oyunları burada baş tutur və hər biri də icarə haqqı ödəyir. “CBC Sport” və bir sıra digər şirkətlər də burada kirayəçidi və hər nə qədər AFFA-ya yaxın adamlara bağlılıqları olsa da, icarə haqqı ödəyirlər. Öz hesabatlarında bu barədə qeydlər var, ona görə də onların təmənnasız fəaliyyət göstərdiyini heç kim deyə bilməz. İdman qurğusundan təmənnasız yararlanırlarsa, bu da cinayətdi – dövlətin pulu hesabına tikilən obyekt kimlər üçünsə şəxsi biznesin inkişaf etdirilməsi üçün istifadə olunmamalıdı.
 
Müxtəlif milli komandanın bəzi oyunlarının da bura salındığını, rəsmi matçlara görə 40 min manat ödəndiyini nəzərə alsaq, bu qədər qazancın qarşılığında illik əlavə 3,1 milyon xərc fantastikadı. Axı, bu pul nəyə xərclənir? Kommunal xərclərdisə, zəhmət olmasa, qəbzləri təqdim etsinlər. Bu sualın cavabını digər arenalarla bağlı qeydlərimizdə özünüz tapacaqsız – yazını oxumağa davam edin.
 
AFFA “Neftçi”yə əvəzsiz istifadəyə verdiyi “Bakcell Arena”ya 2016 ərzində 181 min manat xərcləyib. Əvvəla, bu özü nonsensdi – kluba bağışlanan arenaya görə assosiasiya niyə xərcə düşməlidi? Düşürsə, bu qədər xərc nəyə lazımdı?
 
2015-ci ilin hesabatında qeyd olunmuşdu ki, AFFA “Bakcell Arena”ya 471 min manat xərcləyir. Ötən il isə bu məbləğ ona görə azaldı ki, işçilərin əmək haqqları və kommunal xərclər klubun hesabına ödənilir. Deməli, yalnız qazonun saxlanılmasına görə 181 min manat xərc çəkilir, bu isə aya 15 min manat deməkdi.
 
Xeyli komandanın istifadə edib, icarə haqqı ödədiyi, süni örtüklü olduğu üçün ciddi xərc tələb etməyən “Bayıl Arena”ya 303, Mərdəkandakı təlim-məşq bazasına 206 min manat xərclənib. AFFA-nın futbol akademiyasının saxlanılması üçün də 162 min manat sərf edilib ki, detallara varanda bu məbləğlərin ən azı yarısının israf edildiyini isbatlamaq olar.
 
“Dalğa Arena” AFFA-nın balansında olan stadionlar arasında xərclərinə görə 2-ci sıradadı. Bayıldakı kimi, bu arenanın direktorunun da baş katib Elxan Məmmədovun qohumu olduğu deyilir. Amma bununla işimiz yox, bizə yarım milyon manatın hara xərclənməsi maraqlıdı. Bu arenada il ərzində 5-6 oyun baş tutur, əksər hallarda da projektorlara ehtiyac duyulmur. Təkcə su pulu ilə o qədər məbləğin olması mümkünsüzdü. Müqayisə üçün “Bakcell Arena”nı göstərmək olar. Bu stadionda “Dalğa”yla müqayisədə 2-3 dəfə çox oyun keçirilir və “Neftçi” əmək haqqlarına və kommunal xidmətlərə görə 290 min manat xərcləyirsə, demək Mərdəkanda xərc daha az olmalıdı. Halbuki reallıq başqadı.
 
Əsas qazanc yeri Olimpiya stadionu olan, bütün arenalarda eyni yolla qaz vurub qazan dolduran şirkət isə “AgroSport Azerbaijan”dı. Elxan Məmmədova məxsus olan bu şirkət AFFA-nın balansındakı 8 arenanın hər birindən orta hesabla aya 20-25 min manat qazanır. Təbii ki, Binə və ya Ağsu stadionunda gəlir azdı, əvəzində Olimpiya stadionunun hər meydanından daha çox “qırmaq olur”. Belədə illik 2 milyona yaxın vəsait təkcə qazonun saxlanılmasına sərf olunur. Gəlin, görək, bu qiymətlər realdımı?
 
Kiçik bir araşdırma apardıq. “AgroSport Azerbaijan”ın xidmət etdiyi “Bakcell Arena” Bakıya yağan qardan sonra qazon istismar üçün yararsız hala düşdü. “Dalğa Arena” da eyni vəziyyətdədi – burada yüklənmə olan kimi örtük sıradan çıxır. Halbuki son 4-5 ayda ümumiyyətlə, oyun keçirilmədyindən burada qazonun saxlanılma xərcləri ikiqat aşağı düşməlidi. Amma “AgroSport Azerbaijan”ın standart qiyməti var: aya 15 min AZN, daha doğrusu, 7500 avro.
 
Meydanı daim saz vəziyyətdə olan, hətta 1 metr qar yağdığı halda “Qəbələ” – “Qarabağ” oyununun yüksək səviyyədə keçirildiyi Qəbələ şəhər stadionuna nə qədər xərc çəkilir? Araşdırmalarımız nəticəsində bəlli oldu ki, adətən az, amma ən çox qulluq edildiyi halda ota qulluğa və gübrələrə uzağı 3000 manat xərclənir. Burada böyük işlər görən ingilis mütəxəssis “Azersun Arena”ya da qulluq edir və ağdamlıların da xərci aylıq 5 min manatı keçmir, qazonu da daim yüksək səviyyədə olur.
 
Qəbələ stadionu haqda daha səhih məlumat belədi: Klubun sahib olduğu (əsas meydançayla birlikdə) 6 təbii, 3 süni (biri qapalı olmaq şərti ilə) meydançaya il ərzində 100 min dollar civarında xərc çəkilir. Daha çox pul əsas meydançaya gedir, ümumiyyətlə, təbii örtüklü meydanlara cəmi 3 min manat xərclənir.
 
Bir az keşmişə qayıdaq. Sadıq Sadıqovun vaxtında “Neftçi”nin xidmətindən yararlandığı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu daim digər arenalara örnək olardı. Milli komandalar, avrokubok iştirakçıları da buranın xidmətindən yararlanar, amma qazon daim yaşıl qalardı. Klub bura aylıq cəmi 1000 dollar xərc çəkərdi.
 
İndi özünüz müqayisə edin: 3-5 min manata daim yaşıl qalan qazonlar və “Bakcell Arena”nın timsalında aylıq 15 000 manatın havaya sovrulduğu bərbad arenalar. Daha sərfəli variantlar varkən, AFFA nəyə görə “AgroSport Azerbaijan”la əməkdaşlıq edir? Bunun cavabı çox sadədi.
 
Yuxarıda bu şirkətin Elxan Məmmədova məxsus olduğunu əbəs yerə qeyd etmədim. Xatırlayırsızsa, vaxtilə baş katib AFFA-nın balansında olan bütün arenalara, eləcə də Respublika stadionuna xidməti FSM (Football and Sport Management) şirkətinin göstərməsinə şərait yaratmışdı. Heç bir tender olmadan, sadəcə, tapşırıq, göstəriş və təzyiqlə bütün arenalar qazancı Məmmədova gedən bu şirkətlə anlaşmışdı. Fərman Əlizadənin rəhbərlik etdiyi bu şirkət isə işi bacarmamağı bir yana, bir çox rüsvayçılıqlara imza atdı. “Bakcell Arena”nın Norveçlə oyun üçün yaşıl boya ilə rənglənməsi hələ də yaddaşlardadı. O zaman yağış FSM-in bütün eyiblərini ortaya çıxardı və bəlli oldu ki, yanmış qazonu gizlətmək üçün şirkət hiyləyə əl atıb. Sonradan eyni rüsvayçılıq Respublika stadionunda “Qarabağ”ın “Seltik”lə oyununda da yaşandı. Məsələ dövlət rəhbərliyi səviyyəsinə qalxdı və narazılığın yekunu kimi FSM qazon monopoliyasından çıxarıldı.
635083844430 - Futbolinfo.az
 
Və bunun yekunu olaraq, FSM “AgroSport”a çevrildi. Müftə pulu əldən vermək istəməyən insanlar sadəcə, şirkətin adını dəyişdi və yenə eyni üsulla dövlətin pulunu talan edirlər. Və Fərman Əlizadə yenə baş roldadı.
 
AFFA-nın Gəncə stadionunun qazonunu dəyişməyi boynuna götürməsi də sıradan olay deyil. Mayda təmir işləri başlanacaq, amma hansısa tender elan edilməyib. Çünki tikinti işləri də monopoliyadadı və Gəncədəki “qazıntıları” da məlum adamlar aparacaq.
 
AFFA-nın hesabatında diqqətdən kənar qalan bir məqam var. Xərclər bölməsində AFFA-nın klublara ayrılan vəsait – 2 507 837 manat qeyd olunub. Lakin avrokubokda iştiraka görə “Kəpəz”in qazandığı 840 403 manatın hara sərf olunduğu göstərilməyib. Klubun yeni mövsüm üçün büdcəsi artmadığı üçün həmin vəsaitin kluba xərclənmədiyi dəqiqdi. Ola bilsin, Gəncə stadionunun təmiri həmin vəsaitlə tənzimlənəcək. Belədisə, növbəti hesabatda bu, mütləq əksini tapmalı, hansısa mənbədən çıxılmamalıdı.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp