AFFA-nın hesabatında sual dolu əsas xərclər U-17-lər arasında Bakıda təşkil olunan Avropa çempionatı ilə bağlıdı. Bu yarışa UEFA 3 853 994 manat ayırmışdı. Sponsorlar və digər mənbələr hesabına daha 58 688 manat büdcəyə əlavə olundu. Eyni zamanda 2 milyon manatlıq dövlət dəstəyi ilə vəsait 5 912 682 manata çatdı. Bəs, bu pullar necə xərcləndi?
 
957 933 manatlıq hotel xərcləri haqda qarasına danışmaq olmur. Əcnəbi qonaqların yerləşdirilməsi üçün böyük xərclər qaçılmazdı. Lakin yarışın 17 gün davam etdiyini nəzərə alsaq, gündəlik 56 min manat xərc kifayət qədər şişirdilmiş məbləğdi. Düzdü, AFFA-ya yaxın insanlara məxsus olan hotellərin qonaqlara qucaq açdığını nəzərə alsaq, məxfi razılaşmaları da unutmamalıyıq. Rəsmi sənədlərdə hər şey doğru ola bilər, lakin xərclər real bazar qiymətlərinə nə qədər uyğundu? Həm də nəzərə alaq ki, qrup oyunları bitən kimi 8 komanda vətəninə qayıtdı, qalan günlər ərzində də qonaqların sayı hər gün azalmağa doğru getdi.
 
Püşkatma mərasiminə xərclənən 157, heç bir qeyri-adilik izləmədiyimiz açılış mərasiminə 379 və bağlanışa 114 min manatın sərf olunması da müəmmadı. AFFA-dan bunun da detallı açıqlamasını tələb edirik. Nəqliyyat, təbliğat və s. bəndlər altında gizlədilən 1 milyondan artıq vəsaitin də 30-40 faizinin israf olunduğuna şübhə yoxdu. Düzdü, bütün bunlar yalnız şübhələrdi, lakin şəffaflıq üçün AFFA detallı izahat verməlidi. Bu, qapalı səhmdar cəmiyyət və ya ailə biznesi deyil ki, gizli saxlanılsın.
 
Avropa çempionatında 245 314 manatlıq keytrinq xidmətinin göstərildiyi qeyd olunub. Bunu oyun sayına bölsək, AFFA-nın hər matçı bir toyun xərciylə qeyd etdiyini görərik. 7913 manatlıq xidmətin kimə göstərildiyi maraqlıdı. Nəzərə alsaq ki, 31 oyunun əksərində stadionda cəmi 3-4 jurnalist, bir o qədər rəsmi qonaq, 10-a yaxın könüllü və digər işçilər olub, 7913 manatın kimin cibini zənginləşdirdiyi maraqlıdi. Premyer Liqanın ən vacib matçlarında klubların 200-300 manatla əməlli-başlı ziyafət təşkil etdiyini nəzərə alsaq, bu məbləğin 90-95 faizinin təşkilatçıların ailə büdcəsini zənginləşdirdiyini deyə bilərik.
 
Bu keytrinq şirkəti də AFFA-ya yaxın insanlara, daha doğrusu, Elxan Məmmədova məxsusdu və hazırda assosiasiyanın vasitəsi ilə maliyyələşən klublarda oxşar xidməti göstərirlər. Yəni ki, eyni adamlar eyni üsulla dövlətin pulunu dağıtmağa davam edirlər.
 
Avropa çempionatı ilə bağlı hesabatda infrastruktura xərcləndiyi göstərilən 1 612 728 manatın açıqlaması daha möhtəşəm olardı. Maraqlıdı, bu oyunlar üçün hansı stadion tikildi, hansı təmir olundu ki? “Dalğa Arena”, BOS və s. yazılsa da, xüsusilə Olmpiya stadionuyla bağlı qeyd yersizdi. Çünki bu arena bircə oyundan sonra siyahıdan çıxarıldı və bütün ağırlıq 2 arenanın üzərinə düşdü. Həmin vaxt “Bakcell Arena”da heç bir iş görülmədiyindən bu pulun hara ötürüldüyünün izahı verilməlidi. “Dalğa Arena”nın qazonunun dəyişdirilməsi üçün isə bu vəsaitin 20-25 faizi bəs etməliydi. Vəsait “Neftçi”nin bazasında məşq meydançalarının salınmasına sərf olundusa, bunun da izahı verilməlidi. Axı, həmin meydanların quraşdırılmasının başqa büdcə hesabına reallaşdığı haqda əlimizdə sənədlər var.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp