AFFA bütün söz-söhbətlərdən qaçmaq, büdcənin şəffaf idarə edildiyini göstərmək üçün mütləq bütün məsələlərə aydınlıq gətirməlidi. Xərcləri hansısa ümumi ad altında birləşdirmək, böyük xərcləri istiqmətlər üzrə paylaşdırmaq çıxış yolu deyil. Hər şey bu qədər şəffafdırsa, konkret rəqəmləri göstərin.
Mətbuatın şəffaf büdcə tələb etməyə tam haqqı var. Çünki AFFA ictimai təşkilatdı və ictimaiyyətə açıq olmalıdı. Müstəqil audit şirkəti bu hesabatı qəbul edib, Maliyyə Nazirliyi hər hansı yoxlamada iştirak etməyib – lakin bu, dəvənin belinin düz olması demək deyil. Hesabatda hansısa auditorun rəyini görmədiyimizdən şübhəyə daha çox əsaslanmalı olursan. AFFA “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikası qanununu ayaq altına atmamalıdı.
Əvvəlki yazılarda qeyd etdiyim kimi, hesabat düzgün təqdimat olunmayıb, mahiyyət formadan üstün göstərilməyib, hər hansı müqayisə yoxdu, anlaşılan deyil. Bəlkə də AFFA ictimaiyyətə bir, beynəlxalq futbol qurumlarına bir, dövlətə də başqa bir hesabat təqdim edib.
Hesabatda çatışmayan bəzi məqamlar da var ki, onların üzərindən ötəri keçdik. Məslən, bilet satışından, forma və atributların satışından gələn gəlirlər göstərilməliydi. Hətta cüzi məbləğlər olsa da, bu, heasabatda əksini tapmalıydı.
Oxuculara təqdim etdiyimiz faktlardan da anlaşılır ki, büdcədən xərclənən vəsaitlərdə qaranlıq məqamlar çoxdu. Böyük layihələrin icrasında, icraçılarda ciddi problemlər var. İşləri görən bir çox şirkətlər AFFA-nın baş katibi Elxan Məmmədova dolayısı ilə bağlı olsa da, o, böyük məbləğləri tək “yeyə bilməz”. Təbii ki, layihələrin tendersiz paylanmasında, “lazımi” adamlara tapşırılmasında göstərişlər böyük rol oynayıb. Lakin önəmli olan dövlətin marağıdı. Ortada dövlətin pulu xərclənib, kimlərinsə cibinə axıb. İndi bunun da hesabatını vermək lazımdı.
AFFA telefon zənglərimizə, müraciətlərimizə cavab verməlidi. Təqdim olunan hesabatların detallı açıqlaması çox vacibdi. İctimai təşkilat ictimaiyyətə hər şeyi açıqlamalıdı. Ondan sonra büdcənin idarə edilməsindəki yanlışlıqları üzə çıxarmaq asan olacaq.
VÜSAL MAHMUDOV