Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi bu gün baş tutan mətbuat konfransında öncə bunları dilə gətirib:

– Qrupun ən güclü komandası Almaniyadı. Bunu nəticələri ilə sübut ediblər. Görüşə həmişə olduğu kimi, ciddi yanaşırıq. Əlimizdən gələni edəcəyik ki, sabah maraqlı oyun olsun və yaxşı nəticəyə imza ataq. Rəqib hərtərəfli, yaxşı komandadı. Bəzi komandalar uzun ötürmələrdən və ya atletik oyundan istifadə edir. Amma Almaniya yığması hərtərəfli komandadı. 90 dəqiqə diqqətli olmalıyıq. Almanlar səhvi bağışlamırlar. Sabahkı matç haqda çox danışmaq yox, meydanda əlimizdən gələni etmək lazımdı.

– Oyunun bütün biletlərinin satılması sizə necə təsir edəcək?
– Bu, bizim üçün sevindirici haldı, əlavə stimuldu. Yəqin ki, belə azarkeşlər qarşısında oynamaq rəqibə problem yaradacaq. Bizim üçün bir fürsətdi. Hər dəfə bu qədər azarkeş qarşısında oynamırsan. Öz azarkeşlərimiz, eləcə də, Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq üçün darıxmışıq.
 
– Almaniya mətbuatında yayılan xəbərə görə, Renat Dadaşova millidə oynaması qarşılığında 1 milyon avro verilib. Bu xəbərə münasibətiniz necədi?
– Düşünmürəm ki, kimsə bizim düşərgədə nəsə çaxnaşma yaratmaq istəyir. Mətbuat işçisidi, amma təsdiqini tapmamış məlumatdı. Biz buna önəm vermirik. Renat çox perspektivli oyunçudu. Azərbaycan yığmasını seçməsi sevindirici haldı. Ola bilsin, kimsə onu ləkələmək istəyir. Renat insan kimi də yaxşı insandı. Düşünürəm ki, Azərbaycana olan məhəbbətindən bizim millini seçib.

ELMAR ABDULLA-ZADƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp