Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Robert Prosineçkinin çalışdırdığı millimiz doğma meydanda C qrupunun itkisiz irəliləyən lideri Almaniya ilə üz-üzə gələcək.
Almaniya Azərbaycan yığması üçün tanış rəqibdir. Belə ki, millimiz son dünya çempionu ilə 5-ci dəfə üz-üzə gələcək. Özü də əvvəlki duellər də məhz seçmə mərhələ çərçivəsində baş tutub. Yığmamız DÇ-2010 və AÇ-2012-nin seçmə mərhələsində də almanlara qarşı mübarizə aparıb. Komandamız Berti Foqtsun rəhbərliyi altında keçirdiyi həmin 4 qarşılaşmanın hamısında meydanı məğlub tərk edib. Almaniyadakı hər iki qarşılaşmada rahat qələbə qazanan (4:0, 6:1) Bundestim Bakıdakı görüşlərdə 2 top fərqli qalibiyyətə sevinib (2:0, 3:1). Göründüyü kimi, almanlarla duellərdə top fərqi də çox böyükdür – 2:15. Əvvəlki oyunlarda almanları məyus edən futbolçularımıza gəlincə, Vaqif Cavadov səfərdə, Murad Hüseynov isə Bakıdakı görüşdə azarkeşlərimiz üçün sadəcə, təsəlli xarakteri daşıyan qollara imza atmışdı.
Tarixi ərzində dörd dəfə dünya, üç dəfə Avropa çempionu olmuş Almaniya yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 3-cü yeri tutur. Azərbaycan isə bu rəqibindən xeyli gerirdə – 89-cu pillədə qərarlaşıb. Bütün bunlar təbii ki, beynəlxalq arenada heç biri uğuru olmayan millimizin nəhəng rəqibi ilə müqayisədə nə dərəcədə zəif olmasının bariz göstəricisidi.
Almaniya millisinə yerli mütəxəssis Yoahim Löv başçılıq edir. 57 yaşlı məşqçi 2006-cı ildən etibarən bu yığmanı çalışdırır. 1994-cü ildən məşqçilik edən mütəxəssis vaxtilə yerli "Ştutqart", "Karlsrue", Türkiyənin "Fənərbaxça", "Adanaspor" klublarında da baş məşqçi olub. Yığmaya baş məşqçi təyin olunana qədər isə o, iki il məşqçilər korpusunda asistent kimi fəaliyyət göstərib. 2008-ci ildə Almaniya yığmasını Avropa ikincisi edən Löv 2014-cü ildə dünya çempionluğunu qazandırıb. Onun uzun müddətdi bu postda qalması da təsadüfi deyil. DÇ-2010, AÇ-2012 və AÇ-2014-də də o, Almaniya yığması ilə bürünc medala layiq görülüb.
Göründüyü kimi, yığmamızı bu dəfə də çox güclü rəqiblə sınaq gözləyir. Cari seçmə mərhələdə millimiz startda San Marinoya (1:0) səfərdə, Norveçə (1:0) isə doğma meydanda qalib gəlib. Çexiya ilə səfər görüşündəki qolsuz heç-heçənin ardından Şimali İrlandiya ilə səfərdəki qarşılaşmada komandamız ilk məğlubiyyətini aldı – 0:4. Bu nəticələrdən sonra Azərbaycan millisi 7 xalla qrupunda 3-cü pillədə qərarlaşıb. Almaniya yığmasına gəlincə, qrup lideri olan rəqibimiz Norveçə (3:0) və San Marinoya (8:0) səfərdə, Çexiya (3:0) və Şimali İrlandiyaya (2:0) isə doğma meydanda qalib gəlib. Bir sözlə, rəqib qapılarından 16 top keçirən Bundestim hələ qol acısı yaşamayıb. Rəqib qapılarından 2 top keçirib 4 qola üzülən millimizin belə güclü rəqiblə görüşdə nəyə nail olacağı maraqla gözlənilir.
Almaniya yığması Bakıda çıxış etməsinə baxmayaraq, millimizlə görüşdə yenə aşkar favoritdir. Azərbaycan yığmasının bu rəqibdən hətta 1 xal alması da böyük uğur, hətta sensasiya kimi qiymətləndiriləcək. Amma təbii ki, millimiz qələbə qazanmaqla çox böyük sürprizə də imza ata bilər. Hansı ki, əvvəlki seçmə mərhələlərdə ən azı bir favoriti sıradan çıxaran yığmamızdan belə sensasion nəticə gözləyənlər də var. Matçın Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi də komandamızı ruhlandıra bilər. Axı çoxdan idi millimiz rəqiblərini bu doğma arenada qəbul etmirdi. Bu qarşılaşma üçün satışa çıxarılmış bütün biletlərin satılması, gözlənilən anşlaq da yığmamızı ruhlandıra bilər.
Almaniya ilə qarşılaşma Azərbaycan millisinin 2017-ci ildə ikinci oyunu olacaq. Yığmamız bu il ilk oyununu martın 9-da səfərdə Qətərə qarşı keçirib və 2:1 hesablı qələbəyə sevinib. Almaniya ilə qarşılaşma isə bu ilin ilk rəsmi oyunu olacaq.
Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 229-cu matçına çıxacaq. İndiyəqədərki oyunların 43-də qələbə qazanmışıqsa, 62 görüşdə də heç-heçə ilə təsəlli tapmışıq. 123 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 162 qol vurduğumuz halda, öz qapımızdan 385 top çıxarmışıq.
DÇ-2018-in seçmə mərhələsi
C qrupu
26 mart
20:00. Azərbaycan – Almaniya
Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (hamısı İtaliya).
Komissar: Adrian İksari (Moldova).
Hakim-inspektor: Aleksey Spirin (Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Gözlənilən start heyətlər:
Azərbaycan: Kamran Ağayev – Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev – Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Əfran İsmayılov, Dmitri Nazarov – Ramil Şeydayev.
Almaniya: Mark-Andre Ter Ştegen – Mats Hummels, Benedikt Hövedes, Yonas Ektor, Coşua Kimmix – Sami Xedira, Toni Kroos, Məsut Özil, Yulian Draksler, Tomas Müller – Mario Qomes.