17 yaşadək futbolçular arasında Avropa çempionatında elit mərhələnin oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, 6-cı qrup çərçivəsində baş tutan İsveç – Avstriya matçını azərbaycanlı hakimlər briqadası idarə ediblər.
FİFA referisi Ömər Paşayev bu görüşdə baş hakim funksiyasını yerinə yetiribsə, Namiq Hüseynov yan xətt hakimi kimi fəaliyyət göstərib. Digər yan xətt hakimi isə serbiyalı Deyan Petroviç olub.
Oyun isə Avstriya millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Paşayev bu matçda bir dəfə əlini cibinə atıb. O, görüşün 54-cü dəqiqəsində avstriyalı futbolçuya xəbərdarlıq edib. 55-ci dəqiqədə isə İsveçin qapısına penalti təyin edən FİFA referisinin bu qərarından Şmidt məharətlə yararlanıb.