Azarkeşləri stadiona səsləməyə ehtiyac yoxdu. Hələ dünən səhərdən Almaniya ilə oyun üçün nəzərdə tutulan bütün biletlər satılıb. Tofiq Bəhramov adına Respublika stadionunda boş yer olmayacaq, bilet almağa gecikənlər də ekran qarşısında millimizə azarkeşlik edəcək.

Əksər fan-klublar yığma komandamıza görə bir bayraq altında birləşib və bu, xoş görüntüdü. Seçmə oyun 30 min tamaşaçı qarşısında deyil, həm də əsl azarkeşlər önündə oynanılacaq. Tribunalarda birləşmək, həmrəy olmaq və dünya çempionlarına qarşı 12-ci oyunçuya çevrilmək vaxtıdı.

Yalançı vətənpərvərliyə, sonradan əsəblərimizə toxunacaq ümidlənməyə ehtiyac yoxdu: şansımız minimaldı. Almanlar ən pis günündə olsa və bəxtimiz həddindən artıq çox gətirsə, bir xala ümid edə bilərik. Rəqib dünyanın ən yaxşılarından biridi və onunla mübarizə aparmaq, nəticə qazanmaq üçün hələ çox böyüməliyik. Düzdü, Bakıda heç bir komanda üçün asan olmur, lakin bu siyahıya İtaliya, İspaniya, İngiltərə, Almaniya kimi dünya nəhəngləri daxil deyil. İsveçrə, Slovakiya, Türkiyə, Rusiya, lap elə Portuqaliyanı büdrədə bilərik, daha bundestimi yox.

AFFA-nın 25 illik yubiley günündə ən böyük hədiyyəmiz minimal hesablı məğlubiyyət, gözəl oyun, layiqli mübarizə ola bilər. Daha yaxşısı mümkündü, ancaq bu, seçmə mərhələnin ən böyük sensasiyası olardı.

Almanlar hələ top buraxmayıb, üstəlik, bugünkü tarix millimiz üçün qara səhifədi – martın 26-da keçirdiyimiz oyunlarda 8 matça 20 top buraxıb, birini də vurmamışıq. Lakin bu rəqəmlər quru statistikadan başqa bir şey deyil. Boşuna ümidlənməmək gərəkdiyi kimi, bu rəqəmlərə baxıb ümidsizliyə qapılmaq da olmaz. Sadəcə, oyundan zövq almaq lazımdı: dünyanın ən yaxşı komandasından, ulduzlar toplusundan və ölkəmizin şərəfini qoruyacaq futbolçuların çıxışından.

Stadiona səsləmək üçün gecdi, onsuz da əsl fanatar tribunada olacaq. Bəlkə də bu matç Bakı Olimpiya stadionuna salınsaydı, azarkeş rekordunu qırardıq. AFFA belə məsləhət bildi və gecikən azarkeşlər bilet tapa bilmədi. Biletlərin tükənməsi həm də onu göstərdi ki, xalqımız futbol biganə deyil, onları stadiona gətirmək üçün səviyyəli futbolçulara, komandaya ehtiyac var. AZAL-a, “Zirə”yə, “Sumqayıt”a maraq göstərməyənlər Respublika stadionuna həm Almaniyaya, həm də milli komandamıza görə yığışacaq. Gələcəkdə azarkeşlərin stadiondan qaçaq düşməsi haqda danışarkən bu məqamı da yada salarıq.

AĞA

Shares: