Azərbaycan yığmasının futbolçusu Emin Mahmudov müqavilə ilə məxsus olduğu Portuqaliyanın “Boavişta” klubunun rəsmi saytına müsahibə verib. Futbolinfo.az xəbər verir ki, o, Azərbaycan millisi, bu gün Almaniyaya qarşı keçiriləcək oyun və s. barədə fikirlərini bildirib.

– Azərbaycan millisindəki ilk oyununu necə xatırlayırsan?
– Debüt matçım ötən il San Marinoya qarşı olub. Əvvəllər Rusiya millisinin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etmişdim. İkili vətəndaşlığım var.

– Milli komandanı dəyişməyinə nə səbəb oldu?
– Rusiyanın U-15 millisindən başlayaraq 21 yaşadək yığmalarında çıxış etmişəm. Ancaq sonradan Azərbaycan millisindən gələn təklifi qəbul etdim. Burada artıq 3 oyuna çıxmışam.

– Uyğunlaşmaqda problem olmadı?
– Hər hansı bir problem olmadı. Qısa zamanda uyğunlaşa bildim. Düzü, Rusiyada da çıxış etmək mənə rahat idi. Ancaq indi də hər şey qaydasındadır. Azərbaycan millisində özümü rahat hiss edirəm. Baş məşqçimiz texnikalı futbola üstünlük verir. Bu da mənə uyğundur. 

– Bəs, Almaniya ilə oyundan nə gözləyirsən?
– Bizi çətin oyun gözləyir. Almanlar dünyanın ən güclüsüdür. Bunu heyətləri də sübut edir. Buna görə də üzərimizdə təzyiq yoxdur. Belə olan halda hər şey edə bilərik. Bütün oyunlara qələbə üçün çıxırıq. Zamanla inkişaf edirik. Bunun üçün səbrli olmaq lazımdır. 

– Ən böyük arzun nədir?
– Milli komanda ilə Avropa və dünya çempionatının final mərhələsində çıxış etmək.

– Portuqaliya Avropa çempionu olanda nə hiss etdin?
– Finalda Portuqaliyaya azarkeşlik edirdim. Çünki Kristiano Ronaldonu çox bəyənirəm. Öz üzərində daim işləyən bir futbolçudur. Bir gün ona qarşı oynamaq ən böyük arzularımdan biridir. (qol.az)

Shares: