DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Almaniya oyununda qonaq komandaya 900 azarkeş stadionda dəstək verəcək. Futbolinfo.az xəbər verir ki, matçı canlı izləmək üçün Almaniyadan Bakıya göstərilən məhz bu qədər azarkeş gəlib.

Alman azarkeşlər üçün ayrıca sektor da ayrılıb. Lakin yayılan məlumata görə, Almaniya millisinə Bakıda bu komandanın azarkeşi olan 20-yə qədər azərbaycanlı da dəstək olacaq. Bu isə əksər yığma azarkeşləri kimi, millimizin üzvü Ramil Şeydayevin də xoşuna gəlməyib. O, buna AFFA-nın "Facebook"dakı rəsmi səhifəsinə verdiyi açıqlama ilə etirazını bildirib:

"Hər kəs istədiyi milli komandaya azarkeşlik edə bilər. Ancaq öz ölkəsinin milli komandasının oyununda rəqib komandanı dəstəkləyənləri başa düşə bilmirəm".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Shares: