DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə millimizi böyük hesabla məğlub edən Almaniya yığmasının baş məşqçisi Yoahim Löv oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, o, öncə oyunla bağlı fikirlərini bildirib:

– Hesabdan razıyam. Ancaq komandamdan daha yaxşı oyun gözləyirdim. Təəssüf ki, bu gün gözlədiyim oyunu sərgiləyə bilmədik. Bilirəm ki, komandam bundan daha yaxşısına qadirdi.

– Şürrledən bu cür oyun gözləyirdiz?
– Onun oyunundan razı qaldım. Klubunda çox şans qazanmasa da, bu gün necə futbolçu olduğunu göstərdi. Düzü, ondan bu cür oyun gözləmirdim. Ancaq o, bu gün 2 qol və 1 məhsuldar ötürmə ilə nəyə qadir olduğunu sübut etdi.

– Milli yeni ildə keçirdiyi hər iki oyunu qələbəylə başa vurdu. Bu oyunlarda yığmanı necə dəyərləndirə bilərsiz?
– İngiltərə və Azərbaycanla oyunu bir-biriylə müqayisə etmək olmaz. Biri yoxlama oyunu idi, bugünkü isə seçmə mərhələ matçı. Bir də deyirəm, oyunumuz məni qane etmədi. İlk qoldan sonra 2-ci, 3-cü qolu vurmağımızı istəyirdim. Ancaq bu mümkün olmadı. Səhvlərimiz üzərində işləyəcəyik. İyuna kimi komandanı istədiyim səviyyəyə çatdırmağa çalışacam. 

– Bəs rəqib komandanı necə dəyərləndirərdiniz?
– Əvvəlki illərlə müqayisədə daha yaxşı komandayla üzləşdik. Tərifəlayiq oyun sərgilədilər. Bu komandanın əvvəlki oyunlarını izləyib, təhlil etmişdim. Norveçi məğlub edib, Çexiya ilə heç-heçə etmişdilər. Bu gün yaxşı komandaya qarşı mübarizə apardıq.     
Bir də, oyunçularımı təbrik etmək istəyirəm. Azərbaycan kimi kiçik futbol ölkələriylə oyunlar həmişə çətin keçir. Adətən belə oyunlarda başqa ölkələr 1 və ya 2 top fərqiylə məğlub etsələr də, biz həmişə böyük hesabla qalib gəlmişik. Bu cəhətdən futbolçularım yaxşı mənada fərqləndilər.

– Almaniya millisi 7 oyundan sonra qol buraxdı. Əvvəlki oyunlarda da Azərbaycan millisi Almaniya yığmasının qapısına yol tapmışdı. Bunu nəzərə alaraq, millimizə hansı qiyməti verərdiz?
– İstəyərdim ki, 8-ci oyunda da qol buraxmayaq. Azərbaycan millisi qoldan öncə də, sonra da yaxşı təsir bağışladı. O ki qaldı qiymətləndirməyə, deyə bilərəm ki, Azərbaycan millisi inkişaf etməkdədi. (Löv bu sözlərdən sonra “maşallah” ifadəsini işlədir).

– Almaniyanın aşağı yaş qruplarında çıxış etmiş Renat Dadaşov Azərbaycan yığmasında oynamağı seçdi. Bəzi iddialara görə, Dadaşov millimizdə oynamağa 1 milyon dollar qarşılığında razılıq verib. Bu barədə nə deyə bilərsiz?
– Bu oyunçu barədə eşitmişəm. Bilirəm ki, isteadadlı futbolçudu. İnanıram ki, gələcəkdə Azərbaycan millisinə fayda verəcək. O ki qaldı digər məsələyə, bu barədə heç bir məlumatım yoxdu.

– Bu gün yaxşı təsir bağışlayan Kimmix və Şürrle klublarında az şans qazanırlar…
– Buna görə təəssüf edirəm. Hər iki futbolçunun əsas heyətdə oynamasını istərdim. Ancaq məncə, Kimmix Filip Lam karyerasını bitirdikdən sonra “Bavariya”da daha çox şans qazanacaq.

– Konfederasiyalar kubokunda bu gün meydanda olan oyunçulardan kimlərisə görə biləcəyik? Ümumiyyətlə, oraya hansı oyunçuları aparacağınızı müəyyənləşdirmisiz?
– Buna mayda qərar verəcəyik. U-21 millisinin baş məşqçisi ilə bu barədə danışacam. Öyrənəcəm görək kimləri 21 yaşadək futbolçular arasında Avropa çempionatına aparacaq. Bundan sonra qəti qərar verəcəm. Ancaq bizim üçün əsas olan Konfederasiya kuboku yox, gələn il Rusiyada təşkil ediləcək dünya çempionatıdı.

– Bernd Leno bu gün millidə ilk oyununu keçirdi… 
– Bizdə olan hər 3 qapıçısı yüksək səviyyəlidi. Bizim “1 nömrəmiz” isə Manuel Noyerdi. İngiltərə ilə oyunda Ter Şteqenə şans vermişdim. Bernd Leno son vaxtlar “Bayer”də yaxşı təsir bağışlayır. Ona görə, bu oyunda ona şans verməyi qərara aldım.

Shares: