“Aydın məsələdi ki, rəqibimiz çox güclü idi. Əlimizdən gələn hər şeyi etdik, amma belə alındı. Təəssüflənirik”. Futbolinfo.az xəbər verir ki, bu sözlər millimizin futbolçusu Cavid Hüseynova məxsusdu.
Millimiz DÇ-2018-in seçmə mərhələsinin 5-ci turunda öz meydanında son dünya çempionu Almaniya yığmasına uduzdu – 1:4. Matçdan sonra əməkdaşımıza açıqlama verən Hüseynov fikirlərini bildirib.
O qeyd edib ki, oyundan əvvəl Almaniyadan 1 xal almağa ümidli olublar: “Oyundan əvvəl çox ümidli idik ki, 1 xal qazanacağıq. Düşünürəm ki, öz səhvlərimiz ucbatından asan qollar buraxdıq. Rəqibimiz sadə futbol oynasa da, etdiyi hücumlardan nəticə çıxara bildi”.
Uzun müddətdən sonra rəsmi oyunlarda millimizin formasını geyinən Hüseynov həyəcanlı olduğunu vurğulayıb: “Millimizin formasını geyinmək hər zaman mənim üçün şərəfdi. Bu, hər bir futbolçu üçün belədi. Çalışıram ki, milliyə xeyir verim”.
Cavid millimizin qrupdan çıxmaq şanslarından danışıb: “Növbəti oyunda rəqibimiz Şimali İrlandiyadı. Düşünürəm ki, bu oyunda yalnız qələbə qazanmalıyıq. Qrupdan çıxmaq istəyiriksə, bundan sonrakı oyunlarda qələbə qazanmalıyıq”.
ELMAR ABDULLA-ZADƏ