DÇ-2018-in seçmə mərhələsininin 5-ci turunda öz meydanında Almaniya yığmasını qəbul edən millimiz məğlubiyyətlə üzləşdi – 1:4. Futbolinfo.az xəbər verir ki, oyundan sonra komandamızın kapitanı Rəşad Sadıqov əməkdaşımızın suallarını cavablandırıb:

– Rəşad, nəyə sevinirsən, nəyə üzülürsən?
– Ona sevinirəm ki, uşaqlar bu gün rəqibdən çəkinmədilər. Düzdü, ilk 10 dəqiqədə həyəcan var idi, amma sonradan çalışırdıq futbol oynayaq, oyunu çirkinləşdirməyək. Ümumilikdə, oyun pis keçmədi. Bəlkə də hücum baxımından yaxşı oyunlarımızdan birini oynadıq. O ki qaldı buraxdığımız qollara və nəticəyə, sırf rəqibin ustalığı öz sözünü dedi. Rəqib səhvlərimizdən çox yaxşı istifadə elədi. Bunu bilirdik, amma qarşısını ala bilmədik.   

– Buraxdığımız ikinci qoldan sonra hansı hissləri keçirdiyin çox maraqlıdı…
– Təəssüf hissi idi. Çünki ilk hissə bərəbərliklə bitsəydi, rəqibin düşərgəsində bir qədər gərginlik hiss olunacaqdı. Bizim qolumuzdan sonra əsəbləşdilər, biri digərinin üstünə qışqırırdı. Bu, bizim üçün sevindirici hal idi. İlk hissədə 1 qol fərqi ilə də geridə olsaydıq, ikinci hissədə nəyəsə ümid edə bilərdik. Amma üçüncü qol bütün şanslarımızın üzərindən xətt çəkdi.

– Ənənəvi künc zərbəsindən sonra yenə qapıya zərbə vurdun. Həmin epizodda topun rəqib müdafiəçinin əlinə dəydiyi hiss olunurdu…
– Yox, top rəqibin sinəsinə dəymişdi.

– Azarkeş dəstəyi ilə bağlı nə deyə bilərsən?
– Azarkeşlərimiz qələbəyə layiq idilər. Çöx üzücüdü ki, onları sevindirə bilmədik. Düşünürəm ki, azarkeşlər meydanda əlimizdən gələni etdiyimizi görürdülər. Sadəcə, rəqibin ustalığı bundan artığını etməyimizə imkan vermirdi.

– Renat Dadaşovun meydanda olacağını gözləsək də, adı oyunun iştirak ərizəsinə daxil edilməmişdi. Kapitan kimi bu məsələyə münasibətin necədi?
– Renat gənc futbolçudur. Məşqçimiz hansı futbolçunun meydana çıxacağını daha yaxşı bilir. Yəni, bu qərarı məşqçi verib və özü daha yaxşı cavab verə bilər.

– Komandamızın qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsən?
– Belə davam etsək, bir qədər oyunumuzu yüksəltsək və səhvlərimizi azaltsaq, nəyəsə ümid bəsləyə bilərik. Hamıya bəllidi ki, bizim üçün əsas Şimali İrlandiya ilə oyundu. Həmin oyun bizim üçün finala bərabər olacaq. Uşaqlar, məşqçimiz qrupdan çıxacağımıza inanır. Daha ürəklə oynamalıyıq ki, nəyəsə ümid bəsləyə bilək.

– Oyundan qabaq 4 qol buraxacağınızı gözləyirdin?
– Almaniya ilə oyunda hər şey gözləmək olar. Almaniya Braziliyanın qapısına 7 qol vuran komandadı. Hər şey ola bilər, hesab kiçik də, böyük də ola bilərdi. Almaniya yeganə komandalardan biridir ki, kollektiv futbol oynayır. Bu tip komandalara qarşı oynamaq olduqca çətindi, belə oyunlara proqnoz vermək də.

– Prosineçki futbolçulara nə dedi?
– Prosineçki dedi ki, yaxşı oynadız. Amma ilk hissədən sonra çox əsəbi idi. Bu da uşaq səhvləri etməyimizlə bağlı idi.

– Yəqin ki, ən çox danışılan Əfranın zəif oyunu idi…
– Əfran əla, ideal ötürmə verdi və üstündən iki dəqiqə sonra səhv etdi. Biz də o səhvin qarşısını ala bilərdik, amma sığortalaya bilmədik. Tək Əfranın səhvi oldu deyə bilmərik.

ELMAR ABDULLA-ZADƏ

Shares: