DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimiz öz meydanında Almaniya yığmasına məğlub oldu – 1:4. Futbolinfo.az xəbər verir ki, oyundan sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb. O, öncə matç haqda fikirlərini bildirib:
– Azarkeşlərimiz komandaya böyük dəstək oldular. Oyun zamanı stadionda yüksək atmosfer var idi. Gələn azarkeşlərə milli komandanın adından təşəkkür etmək istəyirəm. Oyuna gəlincə, əsas odu ki, dünya çempionlarına qarşı cəsarətli futbol sərgilədik. Hücum futbolu oynadıq, 11 nəfərlər arxaya çəkilmədik və qol sevinci yaşadıq.
– AFFA prezidenti Rövnəq Abdullayev adətən bütün oyunlara gəlsə də, onu bu gün stadionda görmədik…
– Rövnəq müəllim burada idi, sonradan getdi. Gedişi məğlubiyyətə görə deyildi. Mən Rövnəq müəllimin adından komanda ilə görüşdüm və təşəkkürlərimi çatdırdım.
– Oyundan sonra millimizin sabiq baş məşqçisi Berti Foqtsla görüşünüz olmadı?
– Oyundan öncə görüşmüşdük. O, bizim oyunlarımızı izləyir və bildirdi ki, gözəl komandamız var. Ümumilikdə, fərdi futbolçulardan söhbət etdik, çünki bəzi futbolçularımızı tanımırdı. Şeydayev və Dəniz Yılmaz haqda məlumatı yox idi. Oyundan sonra Foqtsu görmədim.
– Foqts sizə demədi ki, bu futbolçuları mənim vaxtımda da gətirə bilərdiniz…
– Yox, elə söhbət olmadı (gülür).
– Belə oyunla qrupda ikinci pilləni tutmaq olar?
– Təbii ki, uduzmaq yaxşı hal deyil. Amma biz dünya çempionuna qarşı oynamışıq və Almaniya millisinə seçmə mərhələdə ilk qolu vurduq. Düşünürəm ki, qol vurmamaqdansa, bu hesab daha yaxşıdı. Yəni, 1 qol vurmaq futbolçulara motivasiya verir və inam yaranır. Demək itəyirəm ki, “Niyə də yox?” kampaniyası hələ də aktualdı.
– Necə düşünürsünz, Şimali İrlandiya ilə oyun həlledici olacaq?
– Yox. Məncə, Norveçə qarşı oyun həlledicidi.
– Dünən Almaniya mətbuatı Renat Dadaşovun böyük pullar qarşılığında millimizi seçməsindən yazmışdı. Bu məsələyə necə şərh verə bilərsiniz?
– Əslində, bu xəbəri mənə ötən ilin dekabr ayında göndərmişdilər. Keçmişdə də Almaniya mətbuatında belə bir xəbər çıxmışdı. Sadəcə, gülməli xəbərdi. Bu yaxınlarda bizim hesabatımız oldu, siz orada mənzil xərcləri görmüsüz (gülür)? Deyəsən, Almaniya mətbuatı Dadaşovun 16 yaşlılardan ibarət millimizdə oynamasını unudub. Renat valideyinləri Azərbaycandan olduğu üçün millimizi seçib.
– Elxan müəllim, bu məğlubiyyətə görə komandaya mükafat veriləcəkmi?
– Yox.
– Foqts da Almaniya mətbuatına deyib ki, Azərbaycan millisində məğlubiyyətə görə də mükafat verilir…
– Yox, yadıma gəlmir. Heç belə bir söhbət olmayıb axı.
– Sizin adınızdan “Facebook”da jurnalistlərə dostluq təklifi gəlir…
– Mənim sosial şəbəkədə heç bir hesabım yoxdu. Biz “Facebook”a müraciət etmişik ki, o hesabı bağlasınlar.
ELMAR ABDULLA-ZADƏ