Futzal üzrə Azərbaycan və Moldova yığma komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra millimizin baş məşqçisi Biro Jade fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, komandamızın 6:1 hesablı qələbəsini belə şərh edib:
“İlk 5 dəqiqə ağır keçdi, oyunçularda həyəcan var idi. Bu da ağır məşqlərin nəticəsidir. Oyuna qədər gündə 2 dəfə fiziki məşqlər keçirdik. Hətta matçdan bir gün əvvəl futzalçılar bundan şikayətlənirdilər. Onlar yorğun olduqlarını, ayaqlarını hiss etmədiklərini deyirdilər. Bu da təbii haldır.
Standart vəziyyətləri realizə edə bilməməyimiz məni narahat etdi. Bəzi epizodlar zamanı gecikirdik, topu düzgün saxlaya bilmirdik. Halbuki bunun üzərində işləmişdik. Amma meydanda dinamik, hərəkətli olmağımız xoşuma gəldi. Bunun sayəsində sürətli hücumlar qurduq. Heyf ki, yaratdığımız epizodları realizə etməkdə çətinlik çəkdik.
Növbəti oyunda müəyyən dəyişikliklər edəcəyik. Artıq hər şeyi özümüz üçün dəqiqləşdirməliyik. Rəsmi oyunlara az vaxt qalıb”.