Futzal üzrə Azərbaycan və Moldova yığma komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra rəqib komandanın baş məşqçisi Vladimir Vusatı fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, komandasının 1:6 hesablı məğlubiyyətini belə şərh edib:
“Rəqibin güclü olduğunu bilirdik. Onlara qarşı birəbir mübarizələr hər zaman çətin olur. Oyunun əvvəlində müqavimət göstərməyə çalışsaq da, sonradan fərdi mübarizələri uduzduq və qollar buraxdıq. Bu da rəqibin heyətində ustalıq səviyyəsi yüksək olan futzalçıların çoxluq təşkil etməsini göstərir. Komandama gəldikdə, çox pis təsir bağışladığımızı da deyə bilmərəm. Bəli, hesab arasındakı fərq böyük oldu. Amma meydana tam heyətlə çıxmadığımızı da qeyd edim. Dörd əsas oyunçumuzu Bakıya gətirə bilməmişik.
Sonda bizi Bakıya dəvət etdiyi üçün AFFA-ya təşəkkür edirik. Yığmanızla 4 il əvvəl də qarşılaşmışdıq. Onda da oyun 6:1 hesabı ilə başa çatmışdı və milli komandanız qələbə qazanmışdı”.