Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək. Futbolinfo.az xəbər verir ki, yarışda mübarizəni davam etdirən komandalar ilk matçlarını keçirəcəklər. 

Üz-üzə gələcək hər iki cüt əvvəllər də kubokda qarşılaşıb. Söhbət "Neftçi" – "Qarabağ" və "İnter" – "Qəbələ" duellərindən gedir.

Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları

30 mart (cümə axşamı)

17:00. “İnter” – “Qəbələ”
Logo200inter - Futbolinfo.az220px Q%C9%99b%C9%99l%C9%99fk - Futbolinfo.az
Hakimlər
: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. “İnter Arena”.

Günün ilk oyununda "İnter" doğma meydanda "Qəbələ" ilə qarşılaşacaq. Kubokda yolları ikinci dəfə kəsişən komandaların ilk dueli 8 il əvvəl baş tutub. İndiki kimi 2008/09 mövsümündə də rəqiblər yarımfinalda görüşüb. Hər komandanın öz meydanında qalib gəldiyi dueldə mərhələ adlayan “İnter” olub. Belə ki, "Qəbələ" öz meydanında 2 cavabsız qolla qalib gəlsə də, Bakıdakı 0:5 hesablı darmadağın bu komandanın finala yolunu kəsib. 

Bu dəfə isə "Qəbələ"nin finala adlamaq şansları daha yüksək qiymətləndirilir. Əvvəla, Roman Qriqorçukun çalışdırdığı bölgə təmsilçisi cari mövsümdə Premyer Liqada da daha inamlı çıxışı ilə seçilir və hətta çempionluq uğrunda mübarizə aparır. "İnter" isə sadəcə, 3-cü pillədəki mövqeyini qorumaq barədə düşünür. Düzdü, məhz çempionatdakı şansları az olduğuna görə, Zaur Svanadzenin yetirmələrinin kuboka daha böyük məsuliyyətlə yanaşmaları, uğur qazanmaq istəmələri də istisna deyil. Amma reallıq ondan ibarətdir ki, "Qəbələ" həm maddi imkanlarına, həm də heyət baxımından "İnter"dən bir addım öndədi və finala çıxmaq şansları da çoxdu.

Bu mövsüm Premyer Liqadakı oyunlarda "İnter"in "Qəbələ" ilə bacarmaması da dediklərimizin təsdiqi sayıla bilər. Düzdü, birinci və ikinci dövrədəki oyunlarda qalib müəyyənləşməyib. Qəbələdəki oyunda hesab açılmadığı halda, "İnter Arena"dakı növbəti matçda 1:1 hesabı qeydə alınmışdı. Ağabala Ramazanovun 48-ci dəqiqədə vurduğu qola 69-cu dəqiqədə Sergey Zenyov cavab vermişdi. Üçüncü dövrədə Bakıda baş tutan görüşdə isə "Qəbələ" iki cavabsız qolla səfərdə qalib gəlmişdi. Tellur Mütəllimovla Daniel Subotiçin vurduğu qollar bölgə təmsilçisinə vacib qələbə qazandırmışdı.

19:30. “Neftçi” – “Qarabağ”
200px %D0%9D%D0%B5%D1%84%D1%82%D1%87%D0%B8 %D0%91%D0%B0%D0%BA%D1%83 - Futbolinfo.azQarabag%2Clogo%2C2016 - Futbolinfo.az
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Bakcell Arena”.

Yarımfinalın digər dueli milli çempionatlarımızın daimi iştirakçıları olan əzəli rəqiblər – "Neftçi" və "Qarabağ" arasında baş tutacaq. Son iki mövsümün finalçıları bu dəfə yarımfinalda qarşılaşacaq. Ölkə kubokunda ən çox üz-üzə gələn cütlüyün yolları 12-ci dəfə kəsişib. Əvvəlki 11 duel çərçivəsində 19 matç baş tutub. 7 dəfə “Qarabağ”, 4 dəfə “Neftçi” cütün qalibi olub. Ümumilikdə isə ağdamlılar 9, rəqibi 5 dəfə qalib gəlibsə, top fərqində tarazlıqdı.

Elə bu dəfə də "Qarabağ" mərhələni adlamağa daha şanslı görünür. Hər halda Premyer Liqada avrokuboklara vəsiqə qazanması da çətin görünən bakılılarla müqayisədə Ağdam klubu ardıcıl dördüncü çempionluq uğrunda mübarizə aparır. Ola bilər ki, məhz bu səbəbdən Qurban Qurbanovun çalışdırdığı komanda kuboka Premyer Liqa qədər böyük önəm verməsin. Amma rəqibindən xeyli güclü olan son ölkə çempionunun kubokdan asanlıqla vaz keçməsi də inandırıcı görünmür. 

Ağdamlılardan fərqli, "Neftçi" üçün ölkə kuboku çox böyük önəm daşıyır. Çünki Premyer Liqada mövsümü boşa verməkdə olan "ağ-qaralar" bütün ümidini bu turnirə bağlayıb. Kuboku hamıdan daha çox (6 dəfə) qazanan paytaxt təmsilçisi bu il də həlledici oyuna vəsiqə qazanması hədəfləyib. Amma rəqib son mövsümlərin dəyişməz lideri "Qarabağ"dır və "Neftçi"nin əzəli rəqibinə nə dərəcədə müqavimət göstərəcəyi böyük maraq doğurur.

Qeyd edək ki, Premyer Liqada mövsüm baş tutan oyunlarda "Qarabağ"ın üstünlüyü var. Birinci dövrədə Ağdam klubu ev oyununda 3 cavabsız qola sevinmişdi. Jayronun birinci hissədəki avtoqolundan sonra Mahir Mədətovla Əlhərbi Əl Jadeyui rəqib qapısına yol tapmışdı. İkinci dövrədə "Qarabağ" səfərdə 2 cavabsız qolla qalib gəlmişdi. Rahid Əmirquliyevin hesabı açdığı qarşılaşmada yenə Jayro avtoqola imza atmışdı. Yalnız üçüncü dövrədəki qarşılaşmada 1:1 hesabı qeydə alınıb. Həmin görüşdə Cavid İmamverdiyevin vurduğu erkən qola ikinci hissədə Dino Ndlovu penaltidən vurduğu qolla cavab vermişdi.

Shares: