"İnter”in baş məşqçisi Zaur Svanadze Azərbaycan Kubokunun ilk yarımfinal ev matçında "Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları matçın ardından mətbuat konfransına qatılıb. Futbolinfo.az xəbər verir ki, 59 yaşlı gürcüstanlı mütəxəssis əvvəlcə oyunu şərh edib, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
– İlk yarıda pis oynamadıq, 2-3 qol vəziyyəti yaratdıq və onların birindən yararlandıq. Ancaq fasilədən sonra alınmadı. O cür qolları həddiyə edəndən sonra uşaqlar "sındı”. Belə durumda "Qəbələ” kimi komandaya qarşı oyamaq çətindi. Hesab daha da böyük ola bilərdi. Qarşıda çətin görüşlərimiz var, onlara hazırlaşmalıyıq.
– Kubok mübarizəsi "İnter” üçün bitdi?
– Çalışacağıq cavab matçında əlimizdən gələni edək. Lakin çox çətin olacaq. Çünki bizim ehtiyat oyunçular skamiyamız kasaddı.
– Sanki müdafiəçilər yuxulu görünürdü…
– İlk hissədə pis oynamadılar. Ancaq fasilədən sonra kobud səhvlərə yol verdilər.
– "İnter” çempionatda "Qəbələ”yə qarşı yaxşı oynayıb, lakin bu gün fərqli alındı. Bu, qonaqların kuboka daha çox önəm verməsi ilə bağlıdı?
– Komandamız həqiqətən zəifləyib. Qış fasiləsində aparıcı futbolçularımızı itirdik. Bizim heyətlə bağlı problemlərimiz çoxdu. Əvvəl dayaq yarımmüdafiəsi mövqeyində Ruslan Abışov çıxış edirdi. İndi vəziyyət fərqlidi. Buna rəğmən, ölkə çempionatında işlərimiz pis getmir.
– Zurab Xiznaşvilinin əsas heyətdə yer almaması nə ilə bağlı idi?
– O, bir neçə məşqi buraxmışdı. Bu səbəbdən fasilədən sonra meydana girdi.
– "İnter”dəki problemləri nəzərə alsaq, yorulmusunuzmu? Mahmud Qurbanovun sizi əvəzləyəcəyi ilə bağlı xəbərlər dolaşır…
– Əsas məqsəd Avropa Liqasına vəsiqə qazanmaqdı. Baş məşqçi postu ilə bağlı dediyiniz məsələdən xəbərim yoxdu. Nə qərar verəcəklərsə, elə də olacaq. Mövsümün sonlarıdı, hamı yorulub.
NİCAT SALMANLI