"Oyun yaxşı keçdi. Rəqib layiqli qələbə qazandı. İlk yarıda qol imkanlarımız oldu. Amma fərqlənə bilmədik. "Qəbələ" isə əlverişli imkanlardan yararlanaraq, qalib gəldi".
Futbolinfo.az xəbər verir ki, bunu "İnter"in kapitanı Nizami Hacıyev evdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları futbol üzrə Azərbaycan Kubokunun ilk yarımfinal matçından sonra deyib. 29 yaşlı hücumçu bildirib ki, qonaqların lehinə təyin edilmiş hər iki penalti qərarı haqlı olub: "İlk epizodda Elnur Abdullayevin özü dedi ki, penalti var idi. Yəni, topa başını uzatmaq istədikdə top əlinə dəyib. İkinci epizodda isə fikrimcə, penalti var idi".
Təcrübəli oyunçu komandanın taktikasından narazılığını da ifadə edib: "Bir neçə futbolçumuz oynamırdı. Ona görə də taktiki planda dəyişiklik oldu. Amma deyərdim ki, bu dəyişiklik bəhrəsini vermədi".
Hacıyev artıq bu oyunu uduzaraq, aprelin 2-də AZAL-la keçirəcəkləri Azərbaycan Premyer Liqasının 24-cü tur matçına hazırlaşmalarının gərəkliyini vurğulayıb: "Açığı, hələ cavab qarşılaşması haqda fikirləşmirəm. Növbəti oyunumuz AZAL-a qarşıdır. Bu oyun bizim üçün 3-cü yeri təmin etmək baxımından çox önəmlidi. Ona görə də "Qəbələ" ilə ilk matçı unudub, çempionat matçına hazırlaşmaq lazımdı".
NİCAT SALMANLI