Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən "Neftçi" – "Qarabağ" görüşündən sonra meydan sahiblərinin baş məşqçisi Elxan Abdullayev matçla bağlı fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, o, komandasının 0:2 hesablı məğlubiyyətini belə şərh edib:
– "Neftçi"sevərləri təbrik edirəm. Bu gün bizim veteranlarımızı təəssüf ki, sevindirə bilmədik. Zəif çıxış etdik. Bunun səbəbləri var. Cavab matçında yaxşı hazırlaşıb, onları sevindirməyə çalışacağıq.
– Bugünkü oyuna daha yaxşı hazırlaşmamağınızda millinin düşərgəsində olmağınızın rolu oldu?
– Mənim millinin düşərgəsində olmağımın heç bir problemi yoxdu. Zəif çıxışımızın səbəbi başqadı. Qətər toplanışından sonra "Neftçi" "Qəbələ" və "İnter" kimi güclü komandaları üstələmişdi. Bəzi futbolçularımız zədədən yeni qayıdıb, bəziləri tam sağalmayıb, elələri var ki, millinin düşərgəsindən qayıdıb. Bunun da təsiri var.
– İstədiyiniz "Neftçi"ni nə vaxt görəcəyik?
– Siz elə görmək istəyirsinizsə, həmişə belə görəcəksiniz. "Qarabağ"ın yerli futbolçuları səviyyəsi yüksəkdi.
– Ötən oyundan sonra demişdiniz ki, "Qarabağ"la matç bizim üçün imtahandı. Komandanız imtahandan keçə bildi?
– "Neftçi"dən oyun baxımından razı qalmadım, səbəblərini də bayaq izah etdim.
– Oyundan sonra Şahruddin Məhəmmədəliyevlə nə isə danışdırdınız…
– Onu təbrik etdim. Futbolda vaxt uzatmaq olar, amma bu gün bayramdı. Bayramı korlama. Sən 21 yaşlılardan ibarət yığmamızın qapıçısısan. Dost kimi məsləhət verirdim.
– Rəhman Hacıyevin start heyətində olmamasının səbəbi nədi?
– Rəhman niyə əsas heyətdə meydana çıxmalı idi ki? Ötən oyunda qol vurması onun start heyətində meydana çıxması anlamına gəlmir. Bu gün çox xoşuma gəldi.
– Qış fasiləsindən əvvəl komanda daha çox ölkə kubokuna ümidli idi. Amma indi vəziyyət, demək olar ki, əksinə dəyişib…
– Mən “Şərurspor”la qarşılaşanda deyirdim ki, Allah sənə qurban olum, bu komandanı keçək. Yarımfinala çıxacağımızı heç gözləmirdim. Düşünməzdim ki, qış fasiləsindən sonra 17 xal toplayıb, yarımfinala çıxarıq.
ELMAR ABDULLA-ZADƏ