Futzal üzrə Azərbaycan və Moldova yığma komandaları arasında keçirilmiş yoxlama oyunundan sonra rəqib komandanın baş məşqçisi Vladimir Vusatı fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, komandasının 2:3 hesablı məğlubiyyətini belə şərh edib:

“Uzun müddət böyük futbolda çalışmışam, PRO kateqoriyalı məşqçiyəm. Azərbaycanda dostlarım çoxdu. Rəhmətlik Əhməd Ələsgərov müəllimim olub. Ondan çox şey öyrənmişəm. O, həm də Moldova futbolunun əfsanəsi hesab edilirdi. Ağasəlim Mircavadov, Vaqif Sadıqovla tez-tez əlaqə saxlayıram. 

Moldova ilə Azərbaycan futzalında fərqli ab-hava var. Bizim çempionatın səviyyəsi yüksək deyil. Klublarımız çempionat oyunları zamanı həftədə cəmi 2 dəfə məşq edirlər. Millinin toplanışı olan zaman isə heç bir klubumuz məşq keçmir. Oyuna gəldikdə, bu gün daha yaxşı oynadıq. Amma komandanızın heyətində fərdi keyfiyyətlərinə görə seçilən futzalçılar çoxdu və bu da oyunun taleyini həll edir. Bizim yeganə motivasiyamız istəkli olmağımızdı. Sonda qonaqpərvərliyə və isti qarşılanmaya, eləcə də yaradılan şəraitə görə təşəkkürümü bildirirəm”.

Shares: