Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Neftçi" və "Qarabağ" arasında keçirilmiş ilk oyundan (0:2) sonra Ağdam klubunun prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi həmin açıqlamalarla tanış edir:

– Gözəl və maraqlı bir oyun izlədik. Vurduğumuz 2 qol bizə növbəti oyunda daha da üstünlük gətirəcək. Oyunun tempi çox yüksək idi. Məğlub olmasına baxmayaraq, “Neftçi” də çox çalışdı. Əsas heyət oyunçularımızdan bir neçəsi oyunda iştirak edə bilməsə də, mən komandanın oyunundan razı qaldım.

– Artıq “Qarabağ”ın finala vəsiqəni təmin etdiyini düşünmək olarmı?
– Yox. Mən futbolda belə bir şeyi deməyə heç vaxt cəsarət etmərəm. Bu matçın cavab qarşılaşması da keçiriləcək. Doğma meydanda oynayacağıq. Bu da bizə üstünlük verəcək. Azarkeşlərimizi oyuna dəvət edirəm. 

– “Qəbələ” də “İnter”i səfərdə 3:1 hesabı ilə məğlub etdi. Finalda da qarşılaşmaq şansınız var. Bu barədə nə düşünürsüz?
– Doğrudan da çox maraqlı olacaq. Həm çempionatda, həm də kubokda mübarizə aparacağıq. Maraqlı oyun olacaq.

– Finala yüksəlsəniz, həlledici görüş Naxçıvanda olacaq. Sizcə, bu, komandaya necə təsir edəcək?
– Doğrudan? Bunu indi bildim. Belədirsə, o zaman Naxçıvanda görüşərik (gülür).

– Millinin heyətində keçirdiyi son oyundan sonra Qara Qarayevə Avropa klublarından təklif gəldiyi söylənilirdi. Belə bir təklif olsa, Azərbaycan futbolu naminə Qarayevi az məbləğ qarşılığında satarsınızmı?
– Mənim bu barədə də məlumatım yoxdur. Təklifə gəlincə, bu barədə Qurban müəllimin də fikirlərini öyrənmək lazımdır. Qurban müəllim razılıq verərsə, satarıq. Mənim şəxsi fikrimə gəlincə, Qaranın xaricə getmək və orada inkişaf etmək şansı olarsa, bu keçid “Qarabağ”a mənfi təsir göstərməyəcəksə, dəstəkləyərəm. Amma “Qarabağ”a mənfi təsir etməmək şərti ilə. 

– Sizcə, Qarayev Avropanın “TOP-5” çempionatlarında oynamaq gücündədirmi?
– Qarada mötəşəm istedad var. Məncə, o, bunu bacaracaq. Amma bilirsiz ki, bəzən elə olur bir futbolçu başqa kluba keçdikdə nəticə verə bilmir, digərinə keçdikdə isə yaxşı oynayır. Bilirsiz, Qaranı kiçik yaşlarından biz yetişdirmişik. “Qarabağ”ı düşünəndə belə bir futbolçunu itirmək istəmirik. Amma o, Avropanın aparıcı klublarına keçə bilərsə və bu, ona xeyir verəcəksə, bu keçidə əngəl olmayacağıq.

ELMAR ABDULLA-ZADƏ

Shares: