UEFA-nın mətbuat xidməti gələn ilin sentyabrından start götürəcək Millətlər Liqasının qruplarının ilkin heyətini təqdim edib. Futbolinfo.az xəbər verir ki, turnir çərçivəsində 55 milli komanda  A, B, C və D olmaqla 4 qrupa bölünəcək. Bölgü 2018-ci il DÇ-nın seçmə mərhələsinin sonuna olan reytinq əsasında aparılacaq.
 
A divizionuna ən yüksək reytinqə malik 12 komanda salınacaq. Növbəti 12 komanda B, daha sonrakı 15 komanda  C, son 16 komanda isə D divizionunda qərarlaşacaq.
 
Millətlər liqasının reqlamentinə əsasən komandalar bir diviziondan digərinə yüksələ və düşə bilər. Turnirin yekun nəticələri Avropa seçmə mərhələlərinin püşkü üçün əsas götürüləcək.
 
UEFA milliləri üçün son reytinq cədvəli martın 26-da elan edilib. Məhz bu reytinq əsasında qrupların ilkin heyəti açıqlanıb.

Turnirin qalibi 2019-cu ilin iyununda təşkil ediləcək və 4 komandanın iştirak edəcəyi final turnirində müəyyənləşəcək.
 
Əlavə edək ki, Ukrayna ilə Rusiya, millimizlə isə Ermənistan eyni diviziona düşmələrinə baxmayaraq eyni qrupda qərarlaşa bilməzlər.
 
A divizionu (3 yığmadan ibarət 4 qrup): Almaniya, Fransa, Portuqaliya, Belçika, İspaniya, İngiltərə, İsveçrə, Xorvatiya, Polşa, İslandiya, Bosniya və Herseqovina;
 
B divizionu (3 yığmadan ibarət 4 qrup): İrlandiya, Rusiya, Avstriya, İsveç, Slovakiya, Uels, Ukrayna, Hollandiya, Şimali İrlandiya, Çexiya, Türkiyə, Macarıstan;
 
C divizionu (3 yığmadan ibarət 1 və 4 yığmadan ibarət 3 qrup): Yunanıstan, Rumıniya, Sloveniya, İsrail, Serbiya, Danimarka, Bolqarıstan, Albaniya, Şotlandiya, Çernoqoriya, Norveç, Litva, Azərbaycan, Kipr, Ermənistan;
 
D divizionu (4 yığmadan ibarət 4 qrup): Estoniya, Finlandiya, Belarus, Gürcüstan, Farer adaları, Latviya, Makedoniya, Qazaxıstan, Moldova, Lüksemburq, Lixtenşteyn, Kosova, Malta, Andorra, San Marino, Cəbəllütariq.

Shares: