Şimali İrlandiya milli komandasının futbolçusu Korri Evans iyunun 10-da Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2018-in seçmə mərhələ oyununda böyük ehtimalla iştirak etməyəcək. Futbolinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi qasıq nahiyəsindəki zədədən əziyyət çəkir.

İngiltərənin "Blekbern" klubunda forma geyinən Evans yanvarın 2-dən bəri meydana çıxa bilməyib. O, martın 26-da Norveçlə oyuna çağırılsa da, komanda ilə birlikdə məşq etməyib. "Blekbern"nin baş məşqçisi Toni Moubrey bildirib ki, Evans fikrini növbəti mövsümdə yaşıl meydanlara qayıtmağa yönəltməlidir. Onun sözlərinə görə, futbolçunun cərrahiyə əməliyyatına ehtiyacı var.

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı "Bakcell Arena"da keçiriləcək. 5 turdan sonra C qrupuna aktivində 15 xal olan Almaniya millisi başçılıq edir. Şimali İrlandiya 10 xalla 2-ci, Çexiya 8 xalla 3-cü, Azərbaycan 7 xalla 4-cü, Norveç 3 xalla 5-cidir. Hələ xal toplamayan San Marino isə sonuncu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp