Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub etdi. Matçdan sonra jurnalistlərə müsahibə verən “Qarabağ”ın futbolçusu Muarem Muarem futbolinfo.az saytının əməkdaşının suallarını da cavablandırıb:

– Bu oyuna yaxşı hazırlaşmışdıq. Səfərdə iki cavabsız qol vurmaq bizim üçün böyük üstünlükdü. Amma hələ “Neftçi” ilə cavab qarşılaşmamız var. Hər şey bitməyib, diqqətli olmalıyıq.

– Demək olar ki, bütün matçlar Bakıda keçirilir. Azərbaycan çempionatında ev-səfər matçları arasında fərqi hiss edirsən?
– Bütün oyunlarda hiss olunmasa da, belə matçlarda hiss olunur. “Qəbələ”, "Kəpəz", “Sumqayıt”la oyunlarda da rəqib azarkeşlərin dəstəyini görmək olur.

– 2:0 hesabı ilə qalib gəlsəniz də, hələ də finalın qapısını açdığınızı düşünmürsüz…
– İndidən finala vəsiqə qazandığımızı düşünmürəm. “Neftçi” yaxşı formadadı. Qış fasiləsindən sonra heyətlərini gücləndirdilər və “Qəbələ”, “İnter” kimi komandaları məğlub etdilər.

– Səncə, “Neftçi”nin bugünkü zəif çıxışının səbəbi nə idi?
– Onları yaxşı analiz etmişdik. Öz oyunumuzu oynamağa başladıq və erkən qol vurduq. Kənardan asan görünə bilər, amma çətin idi.

– Oyundan əvvəl “Neftçi”nin 80 illik yubiley tədbiri oldu. Belə gündə “Neftçi”ni məğlub etmək istəyi daha çox deyildi?
– Xəbərim var. Amma komanda olaraq bu barədə düşünməmişik.

– Qələbə qazanacağınız təqdirdə xüsusi mükafat vəd olunmuşdu?
– Xeyr, belə bir söhbət olmayıb.

– Əsas rəqibiniz “Qəbələ” də “İnter”i səfərdə 3:1 hesabıyla məğlub etdi…
– “Qəbələ” indidən finalı düşünə bilər, amma bizim üçün hələ tezdi.

– Bu mövsüm ancaq “Qəbələ” və “Qarabağ”ın yarışı olduğunu demək olarmı?
– Çempionatın ilk günlərində bəzi komandalarda problemlər vardı. “Neftçi” daha öncədən belə formada olsaydı, bizimlə bərabər çempionluq yarışında olardı. Ümid edirəm ki, gələn il daha da yaxşılaşar, çempionat, komandalar da güclənər.

ELMAR ABDULLA-ZADƏ

Shares: