Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Neftçi" öz meydanında "Qarabağ"a məğlub oldu – 0:2. Futbolinfo.az xəbər verir ki, oyundan sonra "ağ-qaralar"ın futbolçusu Pavel Dreksa jurnalistlərin suallarını cavablandırıb:
– Bizim üçün gözlənilməz nəticə oldu. Bəs sizin üçün neçə, sürpriz olmadı?
– Təbii ki, biz oyunun belə nəticələnəcəyini gözləmirdik. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Oyun başa çatdıqdan sonra “Qarabağ”ın bizdən daha mükəmməl oynadığını və buna görə qələbə qazandığını deyə bilərəm.
– Ruslan Abışovla Namiq Ələsgərovun yoxluğu məğlubiyyətdə rol oynadımı?
– Əlbəttə, Ruslanla Namiqin yaxşı futbolçular olduğunu bilirik. Amma biz öncədən onların bizə kömək edə bilməyəcəyini bilirdik. Bu 1-2 günün xəbəri deyildi. Biz oyuna Ruslansız hazırlaşmışdıq, onsuz oynayacağımızı bilirdik. Onun əvəzinə meydana çıxan futbolçu da əlindən gələni etdi ki, yaxşı nəticə əldə edək.
– Qış fasiləsindən sonra “Neftçi” “Qarabağ”la heç-heçə etmişdi. Həmin oyunla bu matç arasında hansı fərqi qeyd edə bilərsiz?
– “Qarabağ” bu gün çox yaxşı oynadı, nəinki qış fasiləsindən sonrakı oyunda. Fərqlərdən biri də bu oyunun kubok çərçivəsində keçirilməsidi. Çempionat və kubok oyunlarında taktiki gedişlər bir az fərqli olur. Ən böyük fərq isə oyunun nəticəsi idi.
– Bu məğlubiyyətdən sonra “Neftçi”nin finala adlamaq şansını necə qiymətləndirə bilərsiz?
– Təbii ki, şansımız var. Hər şey ola bilər. Düzdü, üstünlüyün “Qarabağ”ın tərəfində olduğunu etiraf etməliyəm. Çünki rəqib bizim meydanda qələbə qazanıb.
– “Qarabağ”ın xidmətinizdə maraqlı olduğu deyilir…
– Azərbaycan dilində bilmirəm və mətbuatda yazılanları anlamıram. Ona görə də bu haqda heç nə eşitməmişəm. Bu xəbərlər həqiqəti əks etdirmir, şayiədi.
– Avropa Liqasına çıxmağınız üçün dördüncü pilləni tutmalısız. “Zirə” ilə 4 xallıq fərqi aradan qaldırmaq mümkün olacaq?
– Həm çempionatda, həm də kubokda şansımız qalır. Elə etməliyik ki, mövsümün sonunda Avropa Liqasına vəsiqə qazanaq. Bu, bizim arzumuzdu.
ELMAR ABDULLA-ZADƏ